Prezident: “Astara ilə Rəşt arasındakı hissə tikilsə, Azərbaycan, İran və Fars körfəzindən keçən dəmiryolu marşrutu olacaq”

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 29 aprel 2022 16:30 (UTC +04:00)

“Azərbaycan Şimal-Cənub dəhlizi üzərində fəal işləyir. Coğrafi yerləşmə çox əlverişlidir. Həmişə dediyim kimi, infrastruktursuz bu çox şey demək deyil. Şimal-Cənub dəhlizi Şərq-Qərb qədər mühümdür və hazırda qismən fəaliyyətdədir”.

APA xəbər verir ki, bunu Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda deyib.

Azərbaycan Prezidentinin sözlərinə görə, İranda çatışmayan bir hissə var: “Astara ilə Rəşt arasında altmış, yüz kilometrdən çox olmayan dəmir yolu var, o tikilsə, o zaman şimaldan Azərbaycan, İran və Fars körfəzindən keçən dəmir yolu marşrutu olacaq. Bu, çox mühüm beynəlxalq dəhliz ola bilər. O, artıq işləyir, lakin yükü qatardan yük maşınlarına yükləmək lazımdır, çünki dəmir yolunun bir hissəsi yoxdur. Zaman baxımından bu, çox əhəmiyyətlidir. Bilirəm ki, bu əlaqə vasitəsilə Pakistanın Quadar limanını birləşdirmək planı var. Eyni zamanda, bu marşrut Azərbaycandan Türkiyə üzərindən Gürcüstana Azərbaycan infrastrukturundan istifadə etməklə təkcə Cənubdan Şimala deyil, Cənubdan Qərbə də işləyə bilər. Zəngəzur dəhlizi də başqa bir marşrut ola bilər və xəritəyə baxsaq, məsafə və əlçatanlıq baxımından bu da çox vacibdir. Biz Asiyadan, Pakistandan və Çindən, eyni zamanda Mərkəzi Asiya ölkələrindən çoxlu yeni yüklərin gəlməsini gözləyirik. Bütün dəmir yolu şəbəkələrimiz bir-birinə bağlıdır. Şimal sərhədi, cənub sərhədi, şərq sərhədi ilə əlaqəmiz var və Zəngəzur dəhlizi cənub-şərqə gedəcək. Bütün bunlar bizim nəqliyyat gündəmimizlə bağlıdır. Azərbaycanda çatmayan yeganə şey Ermənistan sərhədində, sonra öz ərazimizdəki qırx kilometrdir - hər şey hazır olacaq. Deməli, qonşularımız da öz üzərinə düşən işi görməlidir. Beləliklə, bu əlaqə tam işləyəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR