Prezident: “Azərbaycan Ordusu cinayətkarları cəzalandırmaq üçün qəti tədbirlər görüb, düşmənin 6-8 hərbçisi məhv edilib"

Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi

© APA | Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi

# 12 yanvar 2022 20:15 (UTC +04:00)

“İşğal faktı nəzərə alınmaqla hərbi quruculuq məsələləri mənim gündəliyimdə həmişə birinci dərəcəli yer tutub. Bu mövzu həm mənim iş qrafikimdə, həm açıq çıxışlarımda, həm də həmkarlarımla əlaqələrimdə həmişə üstünlük təşkil edib”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, təbii ki, bu mövzu bütün xalqı birləşdirirdi və biz hamımız Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin etməyə çalışmışıq: “Təsadüfi deyil ki, biz dövlət büdcəsini nəzərdən keçirən və hazırlayan vaxt mən həmişə göstəriş verirdim ki, ən böyük xərclər hərbi quruculuq üçün ayrılmalıdır. Bu, başqa amillərlə yanaşı, özünün haqlı olduğunu sübut edib. İndiki mərhələyə gəldikdə isə, mən bu barədə danışdım və siz tamamilə düzgün olaraq mənim sözlərimi xatırlatdınız ki, biz bir sıra amillər üzrə dayanmamalıyıq. İlk növbədə, ona görə ki, təəssüflər olsun, Ermənistanda həm iqtidarda, həm müxalifətdə, həm də cəmiyyətdə güclü revanşist əhval-ruhiyyə var. Təəssüf ki, biz bunu real həyatda da görürük. Elə dünən Azərbaycan hərbi qulluqçularına qarşı növbəti hərbi təxribat törədilib. Heç bir əsası olmayan bu təcavüz nəticəsində Azərbaycanın hərbi qulluqçusu öldürülüb. Bu, müharibədən sonra baş verən birinci hadisə deyil. Təəssüf ki, bizim bundan əvvəlki cəza xarakterli bütün cavab tədbirlərimiz Ermənistan üçün ibrət dərsi olmayıb. Dünənki hadisə də istisna deyil. Azərbaycan Silahlı Qüvvələri cinayətkarları cəzalandırmaq üçün qəti tədbirlər görüblər və bu gün müdafiə nazirindən aldığım məlumata görə düşmən tərəfin 6-8 hərbi qulluqçusu məhv edilib, çoxları yaralanıb. Bu hadisədən bir qədər sonra erməni tərəfi təkidlə atəşin dayandırılmasını xahiş etməyə başladı. Lakin onlar başa düşməlidirlər ki, azərbaycanlı hərbi qulluqçunun ölümü heç vaxt onlara bağışlanmayacaq. Erməni tərəfin çoxsaylı xahişlərinə, mən deyərdim, yalvarışlarına, bu hadisənin rusiyalı sülhməramlıların məsuliyyət zonasında deyil, Kəlbəcər istiqamətində baş verməsinə, rusiyalı sülhməramlıların da xahişlərinə baxmayaraq, saat 21:30-da mən müdafiə nazirinə komanda verdim ki, atəş dayandırılsın və erməni tərəfin çoxsaylı yaralılarını götürməsinə imkan verilsin. Yəni, istər bu hadisə, istərsə də əvvəl baş vermiş hadisələr bu şəkildə sona çatıb – cinayətlər, təxribat, gizlincə törədilən alçaq təxribatlar, Azərbaycan tərəfin cəza tədbirləri, sonra da atəşin dayandırılması barədə yalvarışlar. Nəticədə Azərbaycan yenə humanizm nümayiş etdirdi, lakin yalnız bizim fikrimizcə cəza əməliyyatının başa çatdırılmalı olması qənaətinə gələndən sonra.

Əslində, bizim hərbi quruculuğu davam etdirməyimiz bununla izah olunur. Burada bir neçə aspekt var. Birincisi, müharibə dövründə biz, əlbəttə, çoxlu sayda döyüş sursatından istifadə etmişik, indi biz onları bərpa etməliyik və bağlanmış yeni kontraktlar bizim üçün bunu təmin edir. Artıq silah və sursat tədarükü gedir. Növbəti məqam – müxtəlif xarakterli müasir silah sistemlərinin alınmasıdır. Biz bu məsələyə həmişə böyük əhəmiyyət vermişik. Ona görə ki, hərbi texnologiya inkişaf edir və biz həmişə ən yaxşı texnologiyaları almaq istəyirik. Bildiyiniz kimi, bizə silah satmaq istəyənlərin sayı baxımından problemimiz yoxdur. Üçüncüsü – Silahlı Qüvvələrin döyüş qabiliyyətinin artırılması. İkinci Qarabağ müharibəsi Böyük Qələbə ilə yanaşı, həm də əməliyyatlar aparılması sahəsində böyük təcrübə deməkdir. Bu, Silahlı Qüvvələrin təlim şəraitində deyil, əməli işdə yoxlanmasıdır və bizim Silahlı Qüvvələr bu yoxlamadan şərəflə çıxdılar. Bununla belə, İkinci Qarabağ müharibəsi bizim bundan sonra nə etməli olduğumuzu, hərbi infrastrukturun hansı elementlərinin bizim tərəfimizdən ya istifadə edilməməsini, ya çox məhdud formatda istifadə edilməsini, ya da onların zəif olmasını göstərdi. Bu da böyük təcrübədir. Lakin indi dediklərimdən artığını məlum səbəblərə görə deyə bilmərəm. Komando qüvvələrinin yaradılması bizim hərbi potensialı təkmilləşdirmə elementlərindən yalnız biridir və lakin çox vacib elementdir. Bu proses başlanıb və artıq dediyim kimi, davam etdiriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR