Prezident: “Heydər Əliyev bütün həyatını Azərbaycana xidmətə həsr edib”

Prezident: “Heydər Əliyev bütün həyatını Azərbaycana xidmətə həsr edib”
# 21 iyun 2022 16:11 (UTC +04:00)

“Əziz qardaşım Şavkat Miromonoviçin bu təşəbbüsünə, Daşkəndin mərkəzində atam Heydər Əliyevin xatirəsinə həsr edilmiş belə gözəl guşə yaradılmasına görə ona çox təşəkkür edirəm”.

APA xəbər verir ki, bunu iyunun 21-də Daşkənddə Heydər Əliyev Meydanının açılışında Prezident İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, küçə, meydan, barelyef, gözəl park – bunlar Azərbaycan xalqının böyük Liderinin xatirəsinə, bütün Azərbaycan xalqına həqiqi qardaşlıq münasibətidir:

“Biz Azərbaycanda bunu çox yüksək qiymətləndiririk, çox təşəkkür edirik və bunu özbək qardaşlarımızın bizim Ulu Öndərə, ortaq tariximizə həqiqətən qardaşcasına münasibəti hesab edirik. Bu, həm də Heydər Əliyevin bütün həyatını həsr etdiyi bütün Azərbaycan xalqına hörmətdir. Mən atam haqqında səmimi sözlərinə görə Şavkat Miromonoviçə çox təşəkkür edirəm. O, bizim Liderimizi çox sanballı və dəqiq səciyyələndirdi. Heydər Əliyev bütün həyatını Azərbaycana xidmətə həsr edib. Sovet dönəmində də, müstəqillik dövründə də həmişə xalqın yanında olub. Ən ağır dövrdə, xalqımız təcavüzə, təqiblərə məruz qaldığı vaxtlarda o, həmişə xalqın yanında olub. 1990-cı il yanvarın 20-də, Sovet İttifaqının parçalanmasından hələ iki il əvvəl o, sovet ordusunun Bakıya yeridilməsi, Azərbaycanın yüzlərlə günahsız vətəndaşının öldürülməsi və yaralanması ilə əlaqədar sovet rəhbərliyini açıq pisləmişdi. Bu, böyük siyasi əzmkarlıq tələb edirdi. Ona görə ki, o vaxt Sovet İttifaqının tarixə qovuşacağına hələ nə qədər qaldığı məlum deyildi. O, bunu etdi. Ən çətin dövrdə, Naxçıvan Muxtar Respublikası təcavüzə məruz qalanda da o, öz xalqının yanında idi. Naxçıvan Muxtar Respublikasına rəhbərlik edərkən əslində o, Azərbaycanın bu tarixi hissəsini, qədim torpağını təcavüzdən müdafiə etdi. Yenə onun təşəbbüsü ilə 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı məhz Naxçıvanda, Sovet İttifaqı dağılandan və Azərbaycan öz müstəqilliyini bərpa edəndən xeyli əvvəl dövlət bayrağı kimi rəsmən qəbul edilib.

Vətəndaş müharibəsi dövründə xalqın iradəsi ilə məhz Heydər Əliyev 1993-cü ildə vətəndaş müharibəsini dayandırdı və ölkəmizi inkişaf yoluna çıxartdı. Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi, islahatlar, inkişaf – bütün bunlar onun adı ilə bağlıdır və biz fəxr edirik ki, onun işini davam etdiririk. Vəfatından bir qədər əvvəl öz siyasi vəsiyyətində Azərbaycan xalqına müraciətlə demişdi: “Mənim edə bilmədiklərimi mənim davamçılarım edəcəklər”. Biz, onun davamçıları fəxr edirik ki, onun bütün vəsiyyətlərini həyata keçirmişik və ilk növbədə, tarixi ədaləti bərpa etmişik, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmişik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR