Prezident İlham Əliyev: Avropa Parlamentinin birtərəfli qətnaməsinin qəbul edilməsi tamamilə qəbulolunmazdır

Prezident İlham Əliyev: Avropa Parlamentinin birtərəfli qətnaməsinin qəbul edilməsi tamamilə qəbulolunmazdır
# 19 iyul 2022 13:09 (UTC +04:00)

“Müharibə bitəndən sonra səfirliklərin nümayəndələri, siyasətçilər, Avropanın bəzi ölkələrinin parlament sədrləri, jurnalistlər tərəfindən çoxsaylı səfərlər olub. Onların hamısı Azərbaycanın mədəni irsinin tamamilə məhv edilməsinin şahidi olmuşlar. Onlar hər hansı erməni mədəni irsinin dağıdılmasını görmədilər”.

APA xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev iyulun 19-da Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Devid MakAlisterin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

“Əksinə, erməni mədəni irsi həm Bakıda, həm də Qarabağda mühafizə olunur. Bununla belə, işğal zamanı 67 məsciddən 65-i Ermənistan tərəfindən dağıdılmışdır. Bu barədə heç bir söz belə deyilmir. Onlar məscidlərimizdə donuz və inək saxlayırdılar, şəhərlərimizi və kəndlərimizi yerlə-yeksan ediblər. Hazırda biz səfərlər təşkil edirik və Azərbaycanın hər bir vətəndaşı Şuşanı, Füzulini və Ağdamı ziyarət edə bilər. Hər kəs erməni vandalizminin, barbarlığının miqyasını görə bilər. Belə şəraitdə Azərbaycanı heç vaxt etmədiyimiz məsələlərdə ittiham edən Ermənistanın və ermənilərin ərazilərimizdə törətdiyinə göz yuman birtərəfli qətnamənin qəbul edilməsi tamamilə qəbulolunmazdır. Əfsuslar olsun, bu, baş verdi. Bilirəm ki, nümayəndə heyətinizin bir çox üzvləri həmin qətnamənin lehinə səs veriblər. Bu isə tamamilə əks-nəticə verən addımdır. Birincisi, bu, yalandır və uydurulmuş faktlara, böhtan və iftiralara əsaslanır. İkincisi, bu o qədər böyük əhəmiyyət kəsb etmir. Çünki siz yəqin bilirsiniz ki, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin yaxşı tarixi var və xüsusilə hazırda əlaqələr çox uğurla inkişaf edir”, - Prezident İlham Əliyev vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR