Prezident İlham Əliyev: “Azərbaycan Avropaya da elektrik enerjisinin ixracını planlaşdırır”

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 01 iyun 2022 13:11 (UTC +04:00)

Neft tədarükü artmaqdadır, indi Azərbaycan həm də başqa ölkələr üçün mühüm tranzit imkanları təmin edir. Bu potensialdan da maksimum dərəcədə istifadə etmək olar.

APA xəbər verir ki, bunu bu gün Bakı Enerji Həftəsi çərçivəsində Xəzəryanı regionun energetika sektorunda ən böyük tədbir – 27-ci Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil & Gas” 2022 sərgisinin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

Dövlət başçısının sözlərinə görə, təəssüf ki, Azərbaycanın mühüm tranzit ölkə kimi imkanları potensial tədarükçülər tərəfindən lazımi səviyyədə qiymətləndirilməyib: “Amma düşünürəm ki, indi onlar fikirlərini dəyişiblər, çünki hamı başa düşür ki, diversifikasiya enerji təhlükəsizliyinin mühüm amillərindən biridir. Biz enerji strategiyamızın ilk günündən şaxələndirmə üzərində çalışırıq. Ona görə də biz ixrac marşrutlarını şaxələndirmişik. Müxtəlif istiqamətlərdə üç neft kəməri, müxtəlif istiqamətlərdə dörd qaz kəməri, elektrik xətlərimiz var və qonşu ölkələrə elektrik enerjisi ixrac edirik”.

Prezident İlham Əliyev Azərbaycanın Avropaya da elektrik enerjisinin ixracını planlaşdırdığını qeyd edib: “Bunun üçün biz təkcə yüklərin deyil, həm də elektrik enerjisinin nəql edilməsi üçün vacib nəqliyyat marşrutu ola biləcək Zəngəzur dəhlizini aktivləşdirmək istəyirik. Biz bunun üzərində işləyirik və artıq praktiki investisiyalara başlamışıq. Odur ki, şaxələndirmə hamı üçün vacibdir. Ona görə də hesab edirəm ki, Azərbaycanın etibarlı tranzit potensialını az qiymətləndirənlər indi fikirlərini dəyişəcəklər. Biz bunun ilkin siqnallarını görürük və köməyə ehtiyacı olan hər kəsə kömək etməyə hazırıq, çünki siyasi iradəmiz var, siyasətimiz həmişə körpü qurmaq, əməkdaşlığı gücləndirmək məqsədi daşıyır və əlavə olaraq bunun üçün infrastrukturumuz var. Yeni dəniz limanımız var, bizi bütün istiqamətlərlə birləşdirən dəmir yollarımız, magistral yollarımız var, beynəlxalq hava limanlarımız var. Üç beynəlxalq hava limanının tikintisini başa vurduqdan sonra, qeyd edim ki, onlardan birinin tikintisi işğaldan azad edilmiş ərazilərdə tamamlanıb, onların sayı doqquz olacaq və həmçinin coğrafi mövqeyimiz buna imkan verir. Ona görə də biz neft və qaz sahəsində gələcək əməkdaşlığımızı daha da genişləndirməyi planlaşdırarkən Azərbaycanın tranzit potensialını da nəzərə almalıyıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR