Prezident İlham Əliyev: Biz özəl sektoru və xarici investorları ölkəmizə daha böyük sayda cəlb etməliyik

Prezident İlham Əliyev: Biz özəl sektoru və xarici investorları ölkəmizə daha böyük sayda cəlb etməliyik
# 15 iyul 2022 21:43 (UTC +04:00)

Ölkəmizdə sabitlik, əmin-amanlıq, xalq-iqtidar birliyi, milli həmrəylik - bütün bunlar çox önəmli amillərdir. Bu gün dünyada gedən proseslərə nəzər saldıqda görürük ki, bəzi yerlərdə investisiyalar üçün ümumiyyətlə şərait yoxdur. Çünki investor riskli ölkəyə getməz. Biz o vaxt - 1990-cı illərin əvvəllərində Ulu Öndərin yorulmaz səyləri nəticəsində ən riskli sayılan ölkəyə milyardlarla dollar investisiya gətirə bilmişik. Haraya? Neft sektoruna. Heç qaz layihələrinə o qədər də maraq yox idi. Çünki bizim üçün ən cəlbedici sektor bu idi.

APA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə bildirib.

Dövlətimizin başçısı deyib: “Bu gün qeyri-neft sektoruna investisiya qoymaq üçün böyük şirkətlər müraciət edir və müraciətlərin sayı artır. Çünki bütün bu amillərin vəhdəti bunu təmin edir. İnvestisiya iqlimi, böyük şirkətlərlə bizim əməkdaşlığımız, siyasi sabitlik, əlbəttə, İkinci Qarabağ müharibəsindəki Qələbə investorları daha da inandırdı. Çünki artıq müharibə riskləri yoxdur. Eyni zamanda, Azərbaycana olan münasibət, onsuz da müsbət münasibət daha da müsbətə doğru dəyişdi. Çünki bizim kimi 44 gün ərzində o çətin relyefi nəzərə almaqla müharibə aparmaq və qalib gəlmək, əlbəttə, hesab edirəm ki, dünyada hər kəs tərəfindən qiymətləndirilir. Ona görə biz özəl sektoru və xarici investorları ölkəmizə daha böyük sayda cəlb etməliyik. Bunun üçün, əlbəttə, əsas investisiya gətirə biləcək ölkələrdə biz daha da fəal işləməliyik. İqtisadiyyat Nazirliyi və bizim digər qurumlarımız, o cümlədən Turizm Agentliyi bu sahəni də təbliğ etməlidir, təkcə bizim təbii gözəlliklərimizi yox. Azərbaycanda müntəzəm olaraq biznes forumlar, investisiya konfransları keçirilməlidir ki, biz öz imkanlarımızı təqdim edək”.

Sumqayıt Kimya Sənaye Parkında çox böyük investisiya layihələrinin icra edildiyini deyən Prezident vurğulayıb: “Əlbəttə, biz istərdik ki, bizim digər sənaye zonalarımız da o zonaların xüsusiyyətini nəzərə alaraq investisiya layihələri icra etsin, bəlkə də o həcmdə yox, amma orada da bu proses dayanmasın. Çünki bir neçə zonamız var, orada ilkin layihələr icra edildi və biz, o cümlədən xarici investorları bölgələrə cəlb etməliyik - əlbəttə, Cəbrayıl və Ağdam rayonlarına, artıq orada da işlər gedir. Əminəm ki, o zonanın çox böyük perspektivləri olacaqdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR