Prezident Panamanın yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB

Prezident Panamanın yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB
# 06 avqust 2022 12:19 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 6-da Panama Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri xanım Mariela del Karmen Sagel Rosasın etimadnaməsini qəbul edib.

APA xəbər verir ki, səfir Mariela del Karmen Sagel Rosas etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Dövlətimizin başçısı səfirlə söhbət edib.

Prezident İlham Əliyev ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə Qoşulmama Hərəkatında yaxşı əməkdaşlığın həyata keçirildiyini bildirib, Azərbaycanın bu təşkilata sədrlik müddətinin uzadılmasının, o cümlədən COVID-19 ilə bağlı ölkəmizin irəli sürdüyü təşəbbüslərin Panama tərəfindən dəstəkləndiyinə görə minnətdarlığını ifadə edib. Dövlətimizin başçısı Azərbaycanın sədr kimi Qoşulmama Hərəkatının institusional inkişafı istiqamətində səylər göstərdiyini bildirərək, bununla bağlı artıq iki mühüm tədbirin - Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransının və Qoşulmama Hərəkatı Gənclər Sammitinin çox uğurla keçirildiyini vurğulayıb və bunun Hərəkatın fəaliyyətinə yeni dinamika verdiyini deyib, bu baxımdan təşkilata üzv dövlətlərin dəstəyinin rolunu qeyd edib. Prezident İlham Əliyev Azərbaycanın təşkilata sədrlik müddətinin uzadılması barədə üzv dövlətlər tərəfindən yekdil qərarın qəbul edilməsini ölkəmizə göstərilən böyük dəstəyin və hörmətin ifadəsi kimi dəyərləndirib.

İkitərəfli münasibətlərə toxunan dövlətimizin başçısı iqtisadi sahədə əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsinin və biznes dairələri arasında informasiya qıtlığının aradan qaldırılmasının zəruriliyini bildirib, yeni təyin olunan səfirin iki ölkənin əlaqələrinin genişləndirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Xoş sözlərə görə minnətdarlığını bildirən xanım Mariela del Karmen Sagel Rosas qeyd etdi ki, Panama ərazisinin kiçik olmasına baxmayaraq, böyük iqtisadi-ticari imkanlara malikdir. Xanım Mariela del Karmen Sagel Rosas bu baxımdan ölkəsinin beynəlxalq hab olması imkanlarından istifadə edilməsinin mümkünlüyünü diqqətə çatdırıb. Səfir, eyni zamanda, ölkələrimiz arasında ticarət, mədəniyyət və digər sahələrdə əlaqələrimizin genişlənəcəyinə ümidvar olduğunu bildirib.

***

10:11

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 6-da Panama Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Mariela del Karmen Sagel Rosasın etimadnaməsini qəbul edib.

APA xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR