Hazırda Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi və daşımalarının həcminin artırılması istiqamətində fəal danışıqlar gedir.
APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da Qazaxıstan Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Alim Bayelin etimadnaməsini qəbul edən zaman bildirib.
Dövlət başçısı nəqliyyat-logistika sahəsinin iqtisadi əlaqələrimizin əsas istiqamətlərindən biri olduğunu dedi və həyata keçirilən birgə infrastruktur layihələrinin yükdaşımaların həcminin genişlənməsi üçün yaxşı imkan yaratdığını vurğuladı.
Azərbaycan Prezidenti, eyni zamanda, gəmiqayırma müəssisələrinin imkanlarından da istifadə olunmasının önəmini qeyd etdi. Dövlət başçısı bir müddət bundan əvvəldən başlayaraq Qazaxıstandan neftin Azərbaycan ərazisindən nəql olunmasının əhəmiyyətini vurğuladı və bunun energetika sahəsində əməkdaşlığı genişləndirmək işinə mühüm töhfə verdiyini dedi.