Əziz qardaşım, bu hadisə baş verəndə siz Amerikada, Nyu Yorkda idiniz, BMT-nin Baş Assambleyasında iştirak edirdiniz və orada dünyanın ən ali kürsüsündən Azərbaycan dövlətinin maraqlarını ifadə edən ədalətli bəyanatlar vermişdiniz.
APA xəbər verir ki, bunu Prezident İlham Əliyev Naxçıvanda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatı zamanı deyib.
“Tamamilə beynəlxalq hüquqa əsaslanmış bəyanatlar vermişdiniz: Qarabağ Azərbaycan torpağıdır. Bu həm həqiqətdir, eyni zamanda, beynəlxalq hüquqa tam uyğundur və Türkiyə tərəfindən göstərilən növbəti qardaşlıq addımıdır. İkinci Qarabağ müharibəsi zamanı siz və bütün Türkiyə xalqı bizim yanımızda idi. Müharibənin ilk saatlarında “Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır” deməyiniz bir çoxları üçün ciddi siqnal idi, mesaj idi. Azərbaycan xalqı bu siyasi və mənəvi dəstəyi heç vaxt unutmur və unutmayacaq”, - Prezident bildirib.