QDİƏT PM Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərib

QDİƏT PM Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərib
# 24 may 2022 14:45 (UTC +04:00)

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyev Prezident İlham Əliyevə təbrik məktubu yollayıb.

APA xəbər verir ki, məktubda deyilir:

“Möhtərəm cənab Prezident.

Sizi Azərbaycanın milli bayramı - Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edir, işlərinizdə uğurlar, möhkəm cansağlığı arzulayıram.

1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı müstəqilliyimizi qoruyub saxladı, ölkəyə barış və inkişaf gətirdi. Siz Heydər Əliyev siyasətinə yeni nəfəs gətirərək Azərbaycanda dünya əhəmiyyətli layihələrin həyata keçirilməsinə nail oldunuz. Bu gün Sizin apardığınız siyasət nəinki ölkəmizin, eyni zamanda, regionun inkişafına yönəldilmişdir. Enerji sahəsində həyata keçirdiyiniz və nəqliyyat sektorunda təklif etdiyiniz layihələr nəinki region, eyni zamanda, Avropa üçün önəm daşıyır.

Sizin bu günlərdə Brüsseldə keçirdiyiniz görüşlər ölkəmizin tarixində yeni bir mərhələ açdı. Siz dünyaya bir daha göstərdiniz ki, Azərbaycan sülhsevər ölkədir və onun ərazi bütövlüyü heç vaxt müzakirə predmeti ola bilməz.

Sizin Azərbaycanın inkişafı istiqamətində həyata keçirdiyiniz siyasət ölkəmizin hər bir vətəndaşı tərəfindən dəstəklənir. Bu istiqamətdə apardığınız fəaliyyətdə Sizə böyük uğurlar və möhkəm cansağlığı arzulayıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR