Qumar oyunlarına görə 5 min manatdan 50 min manatadək cərimə müəyyənləşib

Qumar oyunlarına görə 5 min manatdan 50 min manatadək cərimə müəyyənləşib
# 30 dekabr 2021 13:43 (UTC +04:00)

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunu tətbiqi barədə fərman imzalayıb.

APA-nın məlumatına görə, qanuna əsasən, İnzibati Xətalar Məcəlləsində “Lotereyaların və idman mərc oyunlarının təşkili və ya keçirilməsi qaydalarının pozulması” maddəsi yeni redaksiyada verilib.

Qanuna əsasən, bu maddə “Qumar oyunları” adlandırılıb. Beləliklə, Azərbaycan ərazisindən qumar oyunlarında iştirak üçün imkanın yaradılması, o cümlədən, qumar oyunlarının oynanıldığı virtual mühitə çıxışın təmin edilməsinə görə fiziki şəxslər 5 min manat, vəzifəli şəxslər 10 min manat, hüquqi şəxslər 50 min manat məbləğdə cərimə ediləcək.

Qumar oyunlarında iştirak üçün biletlərin (və ya biletə bərabər tutulan digər iştirak hüququnun) satışının təşkili və (ya) satışına görə fiziki şəxslər 5 min manat, vəzifəli şəxslər 10 min manat, hüquqi şəxslər 50 min manat məbləğdə cərimə ediləcək.

Qumar oyunlarında iştirak üçün mərclərin qəbul edilməsi, pul vəsaitlərinin, əşyaların və qeyri-maddi əmlak nemətlərinin qəbulu, köçürülməsi, ödənilməsi, uduşların, mükafatların və ya digər gəlirin verilməsi, bunların təşkili və bunlarla əlaqədar xidmətlərin göstərilməsinə görə fiziki şəxslər 5 min manat, vəzifəli şəxslər 10 min manat, hüquqi şəxslər 50 min manat məbləğdə cərimə ediləcək.

Qumar oyunlarının təşkili, keçirilməsi, iştirak üçün biletlərin (və ya biletlə bərabər tutulan digər iştirak hüququnun) satışı, qumar oyunlarında iştirakla bağlı müştərinin ödəniş tapşırıqlarının və ya bank hesabı üzrə digər əməliyyatlarının bank əməliyyatları aparan şəxslər tərəfindən icrasına (aparılmasına) görə fiziki şəxslər 5 min manat, vəzifəli şəxslər 10 min manat, hüquqi şəxslər 50 min manat məbləğdə cərimə ediləcək.

Qeyd edilib ki, burada “qumar oyunları” dedikdə pul vəsaitləri, maddi və sair nemət (uduş) barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və da təsadüfdən asılı olan mərclər və oyunlar başa düşülür. “Lotereyalar haqqında” qanunla müəyyən edilmiş qaydada keçirilən lotereyalara və “Bədən tərbiyəsi və idman haqqında” qanunla müəyyən edilmiş qaydada keçirilən idman mərc oyunlarına bu maddənin qüvvəsi şamil edilməyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR