Slovakiya Prezidenti Azərbaycan dövlət başçısını təbrik edib

Slovakiya Prezidenti Azərbaycan dövlət başçısını təbrik edib
# 24 may 2022 14:32 (UTC +04:00)

Slovakiya Respublikasının Prezidenti Zuzana Çaputova Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

APA xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident.

Ölkənizin milli bayramı - 28 May – Müstəqillik Günü münasibətilə Sizi və Azərbaycan xalqını Slovakiya xalqı adından və öz adımdan səmimi-qəlbdən təbrik edirəm.

Hazırda dünya bir çox problemlərlə - davam edən pandemiyanın təsirləri, iqlim dəyişikliklərinin fəsadları, müxtəlif hibrid təhdidlər, eləcə də azadlıq, bərabərlik, demokratiya və qanunun aliliyi kimi ümumbəşəri dəyərlərə təhlükə yaradan bir sıra münaqişələrlə üz-üzədir.

Başa çatmaqda olan pandemiya və iqlim dəyişikliklərinin artan təzahürü ilə yanaşı, dünya beynəlxalq təhlükəsizlik arxitekturasının əsaslı şəkildə dəyişdirilməsi nəticəsində çətin vəziyyətlə üzləşir. Rusiya ilə yaxın qonşumuz olan Ukrayna arasında hərbi münaqişə bütövlükdə beynəlxalq ictimaiyyətə kəskin təsir göstərib. Münaqişə nəticəsində qaçqın düşən milyonlarla insan, çox sayda qurbanlar və böyük maddi itkilər hazırda Avropada təsəvvürə gətirə bilməyəcəyimiz mənzərələr yaradır. Bu çağırışların cavabı beynəlxalq həmrəyliklə yanaşı, həm də çoxtərəflilik dəyərlərinə qayıtmaq və beynəlxalq hüququn prinsiplərinə riayət etməkdir.

Hörmətli cənab Prezident, inanıram ki, əməkdaşlığımız ölkələrimizin xalqlarının mənafeləri naminə müxtəlif sahələrdə daha da inkişaf edəcəkdir.

Sizə və ölkənizin bütün vətəndaşlarına sülh, sabitlik, firavanlıq və demokratik inkişafın davam etməsini arzulayıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR