AİB-lə “Aqrarkredit” arasında memorandum imzalana bilər

AİB-lə “Aqrarkredit” arasında memorandum imzalana bilər
# 26 iyun 2020 13:43 (UTC +04:00)

Bank olmayan Kredit Təşkilatı “Aqrarkredit” QSC və Asiya İnkişaf Bankı (AİB) qarşılıqlı əməkdaşlıq haqqında memorandumun imzalanmasını məqsədəuyğun sayıb.

Azərbaycan Sahibkarlar Konfederasiyasından "APA-Economics"ə verilən məlumata görə, bu məsələ sözügedən təşkilatların rəhbərlikləri arasında keçirilmiş video-konfransda müzakirə olunub.

Görüş zamanı “Aqrarkredit” QSC-nin İdarə Heyətinin Sədri Məmməd Musayev çıxışında “Aqrarkredit” QSC-nin ölkənin kənd təsərrüfatına kredit xidməti göstərən ən böyük maliyyə qurumlarından biri olduğunu qeyd etdi və onun son illərdəki fəaliyyəti barədə ətraflı məlumat verdi. Kredit Təşkilatı fəaliyyətində Beynəlxalq Maliyyə qurumları, xarici ölkələrin Maliyyə Təşkilatları və onların Azərbaycan nümayəndələri ilə əməkdaşlığa xüsusi əhəmiyyət vediyini bildirən Məmməd Musayev Kredit Təşkilatının beynəlxalq əlaqələrdə böyük təcrübəyə malik olduğunu, bir çox kənd təsərrüfatı layihələrin icrasını uğurla başa vurduğunu, elə bu çərçivədə Asiya İnkişaf Bankı ilə əməkdaşlıq etmək niyyətində olduqlarını vurğulayıb.

Asiya İnkişaf Bankının Azərbaycan nümayəndəliyinin rəhbəri cənab Nariman Mannapbekov isə çıxışında birgə layihələrin həyata keçirilməsi üçün ölkədə münbit şəraitin mövcud olduğunu deyib. Bu aspektdə Asiya İnkişaf Bankı olaraq “Aqrarkredit” QSC ilə gələcək əməkdaşlığa önəm verdiklərini və Kredit Təşkilatının fəaliyyəti barədə son illərin maliyyə hesabatları ilə daha yaxından tanış olmaq istədiklərini bildirib.

Video görüşdə “Aqrarkredit” QSC-nin və Asiya İnkişaf Bankının Azərbaycan nümayəndəliyinin digər əməkdaşları da gələcək əməkdaşlıq barədə hansı konkret addımların atılmalı olduğu ilə bağlı öz fikirlərini bildiriblər.

İclasın nəticəsinə əsasən tərəflər arasında 10 gün sonra yeni görüşün keçirilməsi və əməkdaşlıq barədə memorandum imzalanmasının məqsədəuyğunluğu vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR