AİŞ-in inkişaf strategiyasının hazırlanmasına start verilib

AİŞ-in inkişaf strategiyasının hazırlanmasına start verilib
# 26 yanvar 2021 11:55 (UTC +04:00)

"Azərbaycan İnvestisiya Şirkəti" ASC (AİŞ) 2020-ci il ərzində restrukturizasiya həyata keçirilib.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, restrukturizasiya prosesi çərçivəsində AİŞ-in daxili strukturu təkmilləşdirilib, şirkətin yeni investisiya və risklərin idarə olunması siyasətinin, yeni inkişaf strategiyasının hazırlanması, investisiya portfelinin sağlamlaşdırılması və optimallaşdırılması, həmçinin investisiya qaydalarının, digər normativ sənədlər və prosedurlarının təkmilləşdirilməsi istiqamətində işlərə başlanılıb.

Bununla yanaşı, AİŞ rebrendinq edərək yeni şirkət loqosunu təqdim edib və rəsmi internet səhifəsini (aic.az) yeni dizaynda istifadəyə verib.

Qeyd edək ki, “Azərbaycan İnvestisiya Şirkəti” Azərbaycan Prezidentinin 2006-cı il 30 mart tarixli “İnvestisiya fəaliyyətinin təşviqi üzrə əlavə tədbirlər haqqında” Sərəncamı ilə yaradılıb.

AİŞ-in əsas məqsədi öz vəsaiti hesabına və digər investorları cəlb etməklə Azərbaycanın kommersiya müəssisələrinə müddətli investisiya qoyuluşları etmək və bununla Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun inkişaf etdirilməsinə töhfə verməkdir. AİŞ yerli və xarici investisiyaları, müasir texnologiyaları, “know-how” və elmi yenilikləri Azərbaycana cəlb etməklə, ölkədə rəqabətə davamlı, müasir və səmərəli iqtisadiyyatın inkişafı, habelə sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR