Bu ilin oktyabr ayında Azərbaycanda sənaye sahəsi üzrə Biznes İnam İndeksi (Bİİ) sentyabrdakı 0,1 bənddən 4,5 bəndədək yüksəlib.
"APA-Economics"in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının hesabatında deyilir.
Qeyd olunub ki, real sektorun digər sahələrində də dəyişiklər baş verib. Belə ki, avqust və sentyabr aylarında tikinti sektorunda Bİİ-nin müvafiq olaraq 5,8 bənd və 5,3 bənd təşkil etdiyindən sonra ötən ay indeks 2,1 bəndə enib.
Xidmət sahəsinə gəldikdə, bu sektor üzrə Bİİ may ayından bəri artıq 6 aydır ki, mənfi zonada qalır, lakin dinamika yaxşılaşır. Sentyabrda -4,2 bəndə bərabər olan indeks, ötən ay -2,6 bəndə yüksəlib.
Bundan başqa, pərakəndə ticarətdə də inamın tədricən bərpası müşahidə olunur. Belə ki, son 8 ayda bu sahədə Bİİ mənfi zonada qalsa da, müsbətə doğru irəliləyir. Nəticədə, mart ayında pərakəndə ticarətdə Bİİ -40 bəndə ensə də, oktyabrda -0,7 bəndədək yüksəlib.