“Araz” supermarketlər şəbəkəsindən daha bir yenilik

“Araz” supermarketlər şəbəkəsindən daha bir yenilik
# 28 iyul 2020 17:35 (UTC +04:00)

Ölkəmizdə ilk dəfə olaraq “Araz” marketlərdə müştərilərin gözünün öyrəşdiyi ənənəvi kağız qiymət etiketləri elektron rəf etiketləri ilə əvəzlənir.

Şirkətdən "APA-Economics"ə bildirilib ki, pərakəndə ticarətlə məşğul olan şirkət kimi “Araz Supermarket” müştəri tələbatını ödəmək üçün məhsul təkliflərini, əməliyyat standartlarını və xidmət səviyyəsini daim inkişaf etdirməli olduğunu yaxşı başa düşür və mütəmadi olaraq müştərisini innovasiyalar ilə təəccübləndirir.

Müştəri məmnuniyyətinə önəm verən “Araz” supermarketlər şəbəkəsi son dövrdə ölkəmizin pərakəndə sektorunda yeni texnologiyaların tətbiqi ilə diqqət çəkir. Ölkənin pərakəndə bazarında ilk dəfə olaraq “Araz” yerli müştəriyə tamamilə yeni olan, dünyanın iri market şəbəkələrində istifadə edilən özünəxidmət kassa aparatlarını öz mağazalarında quraşdırdı. Daha bir maraqlı yenilik isə QR kodların tətbiqi idi. Bu siyahıya gözümüzün alışdığı müştərilərə məxsus əşyaların mühafizəsi üçün nəzərdə tutulmuş ənənəvi dolabların elektron dolablarla əvəzlənməsini də əlavə etmək yerinə düşərdi. Bundan əlavə yalnız dünyanın iri şəbəkələrində görə biləcəyimiz rəflərdə elektron etiketlər də məhz “Araz” marketlərdə quraşdırılmağa başlandı. Elektron rəf etiketlərinin bir sıra üstünlükləri var. Əvvəllər məhsulların üzərindəki qiymətliklər bir-bir mağaza əməkdaşları tərəfindən dəyişdirilirdisə, artıq bu proses avtomatlaşdırılıb. Qiymətlər əllə deyil, bir toxunuşla həm kassada, həm də vitrində avtomatik olaraq yenilənir. Bazada olan məlumatlar sistemdən elektron rəf etiketlərinə göndərilir, bu zaman hər hansısa məhsulun qiymətində dəyişiklik varsa, həmin məhsulun altında yerləşən elektron etiket məlumatı aldığı anda yenilənir.

Elektron rəf etiketləri hələlik yalnız bir mağazada - Tbilisi prospekti, Alatava 2 ünvanında yerləşən “Araz” superstorda quraşdırılıb. Gələcəkdə bütün mağazalarda quraşdırılması nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR