Azərbaycan-Özbəkistan iqtisadi əlaqələri müzakirə edilib

Azərbaycan-Özbəkistan iqtisadi əlaqələri müzakirə edilib
# 06 noyabr 2020 17:59 (UTC +04:00)

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanovla görüşüb.

Azərbaycan İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, nazir ölkədəki diplomatik fəaliyyətində səfirə uğurlar arzulayıb və vurğulayıb ki, Azərbaycan-Özbəkistan əlaqələri inkişaf edir, dövlət başçılarının qarşılıqlı rəsmi səfərləri, aparılan danışıqlar ikitərəfli əməkdaşlığın inkişafında mühüm əhəmiyyət kəsb edir. Qeyd edilib ki, Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın inkişafı üzrə Tədbirlər Planının həyata keçirilməsi ikitərəfli əlaqələrin genişləndirilməsinə töhfə verəcək. İki ölkə arasında əməkdaşlığın inkişafı perspektivləri barədə fikirlərini bölüşən iqtisadiyyat naziri Özbəkistan iş adamlarını birgə fəaliyyətə dəvət edib.

M. Cabbarov Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti və son təxribatları, törətdiyi terror və müharibə cinayətləri, Azərbaycanın beynəlxalq hüquq çərçivəsində vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi və torpaqlarımızın işğaldan azad olunması üçün öz ərazisində apardığı uğurlu əks-hücum əməliyyatları barədə məlumat verib, səfirin mülki əhaliyə və obyektlərə artilleriya və raket zərbələri endirilməklə müharibə cinayətlərinin törədildiyi şəhər və rayonlara səfərlərinin yüksək qiymətləndirildiyini bildirib, dost Özbəkistana mənəvi dəstəyə görə minnətdarlıq edib.

İqtisadi əlaqələrin genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirən Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov vurğulayıb ki, Azərbaycan Vətən müharibəsi aparır və Özbəkistan BMT qətnamələri çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.

Görüşdə iqtisadi-ticarət əlaqələrin genişləndirilməsi, dövlət-özəl tərəfdaşlığı, qarşılıqlı sərgilərin keçirilməsi və digər məsələlər müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR