Azərbaycan və Almaniya menecerlərin ixtisasartırma proqramını daha 3 il müddətinə uzadır

Azərbaycan və Almaniya menecerlərin ixtisasartırma proqramını daha 3 il müddətinə uzadır
# 29 noyabr 2019 16:45 (UTC +04:00)

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) təşkilatçılığı ilə "Azərbaycan biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə proqramı" daha 3 il müddətinə uzadılacaq.

APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, proqramın icrasına dair Anlaşma Memorandumu 2009-cu ildə Azərbaycan və Almaniyanın İqtisadiyyat nazirlikləri arasında imzalanıb.

"Proqramın imzalanmasından 10 il ötür və bu dövr ərzində sözügedən proqram çərçivəsində ixtisasartırma kursuna 422 nəfər qatılıb. Hesab edirik ki, bu, çox uğurlu proqramdır. Təklif olunub ki, proqram uzadılsın. Hesab edirəm, iki ölkənin İqtisadiyyat Nazirlikləri Anlaşma Memorandumunu tezliklə imzalayacaq və gələcək 3 ildə biz yenidən sahibkarları, xüsusilə də kiçik və orta sahibkarları ixtisasartırma kurslarına göndərəcəyik", - deyə O. Məmmədov qeyd edib.

Qeyd edək ki, 2009-cu ildən icra olunan "Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” Azərbaycan İqtisadiyyat Nazirliyi və Almaniyanın Federal İqtisadiyyat və Enerji Nazirliyi tərəfindən həyata keçirilir. Proqramın əlaqələndiricisi Azərbaycan tərəfindən KOBİA, Almaniya tərəfindən isə GIZ-dir. 50%-ə yaxını KOB-lar olan proqram çərçivəsində 2009-2019-cu illərdə 60-dan çox tədbir, təlim, seminar və tanışlıq səfərləri təşkil olunub. Proqramda iştirak edənlərin 44%-i xidmət, 26%-i istehsal, 23%-i ticarət, 7%-i isə digər sahələrdə fəaliyyət göstərən sahibkar və menecerlərdir. Proqram çərçivəsində Almaniya şirkətləri ilə ikitərəfli əlaqələr quran Azərbaycan şirkətləri indiyədək əməkdaşlığa dair 350-dən çox müqavilə imzalayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR