Azərbaycana avtomobil idxalı 18,3% azalıb

Azərbaycana avtomobil idxalı 18,3% azalıb
# 16 mart 2021 13:29 (UTC +04:00)

Bu ilin yanvar-fevral ayında Azərbaycana 100 112,59 min ABŞ dolları dəyərində 9 437 avtomobil idxal olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 18,5% və 18,3% azdır.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə ölkəyə 82 536,05 min dollar dəyərində 8 619 vahid əsasən adamların daşınması üçün nəzərdə tutulan minik avtomobili və digər mühərrikli nəqliyyat vasitəsi idxal olunub. Bu göstərici ötən ilin göstəricisindən dəyər baxımından 17%, say baxımından isə 19,6% azdır.

Bundan başqa, bu ilin ilk iki ayında ölkəyə 11 008,72 min dollar dəyərində 765 vahid (ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq dəyər ifadəsində 4,4%, say baxımından isə 3,2% çox) yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələri, 38 vahid (26 vahid az) 4 210,43 min dollar dəyərində (-42,8%) sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri və 15 vahid (10 vahid az) 2 357,39 min dollar dəyərində (-57,6%) xüsusi təyinatlı mühərrikli nəqliyyat vasitələri idxal olunub.

Komitənin məlumatına görə, bu ilin yanvar-fevral aylarında ölkəyə dəyəri 5 250,78 min dollar (ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 21,4% az) təşkil edən 1 042 vahid (231 ədəd az) daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, həmçinin 474,61 min dollar (5,2 dəfə çox) dəyərində 10 vahid (1 vahid az) yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri idxal olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR