Azərbaycanda göstərilən vergi xidmətlərində məhdudiyyətlərin tətbiqinə başlanılıb

Azərbaycanda göstərilən vergi xidmətlərində məhdudiyyətlərin tətbiqinə başlanılıb
# 17 mart 2020 15:09 (UTC +04:00)

Koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə əlaqədar Nazirlər Kabineti yanında operativ qərargahın tövsiyə və tələblərini nəzərə alaraq, vergi orqanları tərəfindən vətəndaşların qəbulu, habelə onlardan və vergi ödəyicilərindən daxil olan müraciətlərin qəbulu üzrə bir sıra məhdudlaşdırıcı tədbirlərin tətbiqinə başlanıb.

Vergilər Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, vergi ödəyicilərinə xidmət mərkəzlərində çoxlu sayda insanın toplaşmasının qarşısının alınması məqsədi ilə 17 mart 2020-ci il tarixdən etibarən xidmət mərkəzlərində qəbul yalnız əvvəlcədən yazılmaqla həyata keçiriləcək. Bu məqsədlə qəbula əvvəlcədən yazılmaq üçün əlaqə telefon nömrələri ictimaiyyətin diqqətinə çatdırılıb və vergi ödəyicilərinə göstərilən 63 növ elektron xidmətlərdən maksimum dərəcədə yararlanmaq, xidmət mərkəzlərinə isə yalnız zəruri hallarda müraciət etmək tövsiyə olunub.

Göstərilən xidmətlərin tərkibində hüquqi şəxslərin dövlət qeydiyyatı və vergi ödəyicilərinin uçotu ilə bağlı xidmətlərin xüsusi çəkisinin yüksək olduğunu nəzərə alaraq, bu müraciətlərlə bağlı xüsusi rejim müəyyən edilib. Belə ki, hüquqi ünvanı Bakı şəhərində olan hüquqi şəxslər, o cümlədən xarici investisiyalı şirkətlər və xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin qeydiyyatı Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində aparılacaq.

Vergi ödəyicilərindən tələb olunan sənədlərin poçt vasitəsilə göndərilərkən əlaqə telefon nömrələrinin qeyd olunması, qabaqcadan sənədlərin düzgünlüyünün yoxlanılması məqsədilə isə müvafiq sənədləri skan olunmuş şəkildə müraciətə əlavə edərək [email protected] elektron ünvanına göndərmələri tövsiyə olunur. Müraciətdə mütləq qaydada müraciət edən şəxsin adı, soyadı, atasının adı və əlaqə məlumatları qeyd edilməlidir.

Regionlarda yerli investisiyalı hüquqi şəxslərin dövlət qeydiyyatı və vergi ödəyicilərinin uçotu xidməti üzrə müraciətlərin göndərilməsi və qəbulu üzrə də oxşar qaydalar tətbiq ediləcək. Bu məqsədlə, müraciətlər ərazi prinsipi üzrə vergi orqanının poçt ünvanına göndərilməlidir.

Hüquqi şəxs qeydiyyata alındıqdan və vergi uçotuna dair müraciətlər icra edildikdən sonra qeydiyyat sənədləri (qeydiyyat şəhadətnaməsi, nizamnamə, dövlət reyestrindən çıxarış) və uçotun aparılmasını təsdiq edən sənədlər vergi ödəyicisinin elektron kabinetinə göndəriləcək.

Vergi ödəyicilərinə vergi orqanları tərəfindən göstərilən xidmətlərin elektron qaydada əldə edilməsinə üstünlük verilməsi tövsiyə edilir. Vergi ödəyiciləri “195” Çağrı Mərkəzinə zəng etməklə, həmçinin Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə daxil olmaqla onlara lazım olan vergi xidmətləri barədə məlumat əldə edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR