Azərbaycanda iqtisadi artımın yeni modelinin tətbiqi üçün prioritet sahələr müəyyən edilib

Azərbaycanda iqtisadi artımın yeni modelinin tətbiqi üçün prioritet sahələr müəyyən edilib
# 20 aprel 2021 12:09 (UTC +04:00)

Azərbaycanda postpandemiya dövrü üçün iqtisadi artımın yeni modelinin tətbiqi, o cümlədən daxili tələbatın genişləndirilməsi və məşğulluğun artırılması baxımından hökumət tərəfindən bir sıra prioritet sektorlar müəyyən edilib.

APA-Economics”in məlumatına görə, bunu Azərbaycan-Türkiyə biznes forumunda çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, bunların sırasına tikinti sektoru, mədən sənayesi, kimya sənayesi, rəqəmsal iqtisadiyyat, nəqliyyat, ticarət, logistika, İKT, kənd təsərrüfatı və emal sənayesi daxildir.

“Türkiyənin iş adamları bu sektorlar üzrə yeni layihələrin reallaşdırılmasını nəzərdən keçirə bilər. Hökumət bu istiqamətlər üzrə xüsusi dəstəkləyici mexanizmlərinin tətbiqini hədəfləyir”, - deyə O. Məmmədov qeyd edib.

Agentliyin rəsmisi əlavə edib ki, bu günə Azərbaycanda qeydiyyatdan keçən Türkiyə şirkətlərinin sayı 7 minə yaxındır. Eyni zamanda Türkiyə şirkətləri Azərbaycanda dövlət vəsaiti hesabına həyata keçirilən layihələrdə də ən aktiv iştirak edən podrat layihələr üzrə həm miqyas, həm də kəmiyyət olaraq xarici ölkə şirkətləri arasında ilk yerlərdədir.

“Türkiyə iş adamlarının Azərbaycanda fəaliyyətinin daha da genişləndirilməsi üçün böyük potensial var. Hazırda işğaldan azad olunan ərazilərdə biznes qurmaq istəyən sahibkarların layihələri toplanılır. Çoxsaylı Türkiyə şirkətləri Qarabağda layihələrdə iştiraka maraq göstərir. Müraciətlərdə daha çox ticarət, xidmət, inşaat, sənaye, mədəniyyət və təhsil sahələrini əhatə edir. Qarabağın iqtisadi potensialı və bu sahədə həyata keçiriləcək genişmiqyaslı quruculuq və bərpa işləri, öz növbəsində, Türkiyə şirkətləri üçün geniş perspektivlər vəd edəcək”, - deyə O. Məmmədov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR