Azərbaycanda sahibkarlar üçün vahid onlayn platforma yaradılıb

Azərbaycanda sahibkarlar üçün vahid onlayn platforma yaradılıb
# 12 noyabr 2020 14:11 (UTC +04:00)

Kiçik və orta biznes (KOB) inkişaf mərkəzlərinin vahid onlayn platforması (kobim.az) istifadəyə verilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) "APA-Economics"ə verilən məlumata görə, portalın məqsədi KOB-ları bilik və bacarıqlarının artırılması üçün zəruri olan dəstək və xidmətlər barədə məlumatlandırmaq, bu xidmətlərə çıxışın asanlaşdırılmasıdır.

Portalda KOBİA-nın ölkənin müxtəlif şəhər və rayonlarında fəaliyyət göstərən KOB inkişaf mərkəzləri (KOBİM), bu mərkəzlərdə sahibkarlar üçün təşkil olunan təlimlər, məsləhət, şəbəkələşmə və digər xidmətlər, peşəkar təlimçi-ekspertlər haqqında məlumatlar verilir.

Saytda həmçinin, ay ərzində Bakı, Sumqayıt, Xaçmaz və Yevlax KOBİM-lərdə təşkil olunan ödənişsiz təlimlərə dair məlumatlar yerləşdirilir.

KOB-lara ehtiyaclarına uyğun təlimlərdə iştirak etmələri üçün sayt üzərindən elektron müraciət etmək imkanı da yaradılıb.

Yaxın günlərdə saytda KOB-lar üçün onlayn təlim imkanı yaradılacaq, həmçinin sayta video təlim materialları yerləşdiriləcək ki, bu da sahibkarlara yaşadıqları ərazini tərk etmədən və vaxta qənaət etməklə biznes sahəsində zəruri biliklər əldə etməyə, sahibkarlıq fəaliyyəti və bu sahədəki yeniliklər barədə məlumatlanmağa imkan verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR