Bakıda "İxracatçılara dəstək layihəsi" çərçivəsində sahibkarlarla görüş keçirilir

Bakıda "İxracatçılara dəstək layihəsi" çərçivəsində sahibkarlarla görüş keçirilir
  • Clock-gray 10:12
  • calendar-gray 25 Dekabr 2019

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində "İxracatçılara dəstək layihəsi" çərçivəsində sahibkarlarla görüş keçirilir.

"APA-Economics"in məlumatına görə, görüş Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA), İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Kənd Təsərrüfatı Nazirliyi yanında "Aqrar Tədarük və Təchizat" ASC və Aqrar Kredit və İnkişaf Agentliyi, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) birgə təşkilatçılığı ilə təşkil olunub.

Tədbirdə çıxış edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin fəaliyyəti, “Azexport” portalı üzərindən ixrac imkanlarının genişləndirilməsi və Rəqəmsal Ticarət Qovşağının elektron xidmətləri barədə məlumat verib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədrinin müşaviri Elxan Mikayılov ixrac əməliyyatlarında qida təhlükəsizliyinin əhəmiyyəti və rolu barədə iştirakçıları məlumatlandıraraq, ölkəmizin ixrac coğrafiyasının diversifikasiyası və qeyri-ənənəvi bazarlara çıxış imkanları baxımından görüşün vacibliyini vurğulayıb.

"Aqrar Tədarük və Təchizat" ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova fermerlər tərəfindən istehsal olunan kənd təsərrüfatı məhsullarının xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi, bu istiqamətdə ixracatçıların çətinliklərinin aradan qaldırılması ilə əlaqədar nəzərdə tutulan tədbirlər barədə məlumat verib.

Bundan əlavə, tədbirdə aqrar sahədə yeni subsidiya mexanizmi və maliyyə resurslarına çıxış, Azərbaycanın ixrac potensialı və USAID-in töhfəsi barədə çıxışlar edilib, eləcə də yeyinti məhsullarının ixrac coğrafiyası və xarici dövlətlərin idxal tələbləri üzrə təqdimat olunub.

Hüseyn Vəliyev

Digər xəbərlər