Bakıda Azərbaycan-Ukrayna biznes forumu keçirilib - YENİLƏNİB

Bakıda Azərbaycan-Ukrayna biznes forumu keçirilib - YENİLƏNİB
  • Clock-gray 21:18
  • calendar-gray 17 Dekabr 2019

Dekabrın 17-də Bakıda Azərbaycan-Ukrayna biznes forumu keçirilib.

APA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski biznes forumda iştirak ediblər.

Dövlət başçıları biznes forumda çıxış etdilər.

Prezident İlham Əliyevin çıxışı

- Hörmətli cənab Prezident.

Hörmətli qonaqlar, xanımlar və cənablar.

Bu gün Azərbaycan-Ukrayna biznes forumunda Ukraynadan 90-dan çox şirkət, Azərbaycandan isə 100-dən artıq şirkət təmsil olunur. Bu rəqəmlər özlüyündə bir göstəricidir. Onu göstərir ki, belə biznes forumun keçirilməsinə böyük maraq var. Sözün düzü, çoxdandır ki, Ukrayna-Azərbaycan biznes forumları keçirilmirdi. Onu da bildirməliyəm ki, çoxdandır hökumətlərarası komissiya fəaliyyət göstərmirdi. Bu gün Prezident Zelenskinin səfəri zamanı bütün bu məsələlər geniş müzakirə olundu. Müzakirə edilən məsələlərin arasında iqtisadi-ticari məsələlər xüsusi yer tutmuşdur.

Mən hesab edirəm ki, Prezidentin səfəri bütövlükdə çox uğurludur. Biz bu gün çox geniş fikir mübadiləsi aparmışıq, bir neçə önəmli sənəd imzalanıb. Əsas odur ki, bizim aramızda yaranan qarşılıqlı etimad, əminəm ki, Ukrayna-Azərbaycan əlaqələrinin inkişafı üçün önəmli rol oynayacaq.

O ki qaldı, iqtisadi əlaqələrə, burada istifadə olunmamış çox böyük potensial var. Bu gün biz bu barədə fikir mübadiləsi apardıq, gördük ki, bu il ticarət dövriyyəsinin artmasına baxmayaraq, mütləq rəqəmlər bizi qane edə bilməz. Xüsusilə Azərbaycanın Ukraynaya ixracı birtərəflidir, yəni bu, enerji daşıyıcıları əsasında formalaşır. Biz çox istərdik ki, Ukraynaya ixracımızı şaxələndirək və bu məqsədlə bir neçə addım atılmışdır, o cümlədən keçən il Kiyevdə Azərbaycanın ticarət evi açılmışdır. Hesab edirəm ki, belə ticarət evlərinin sayı çox olmalıdır və bu gün Bakıda Ukraynanın ticarət mərkəzi açılmışdır. Bu da çox gözəl hadisədir.

Beləliklə, qarşılıqlı ticarətin təşviqi üçün çox önəmli addımlar atılacaq. Eyni zamanda, hesab edirəm ki, biz sərmayə qoyuluşu məsələlərində yeni mərhələyə qədəm qoya bilərik. Son 15 il ərzində Azərbaycana 270 milyard dollar sərmayə qoyulubdur. Bu sərmayənin yarısı xarici sərmayədir. Bu, onu göstərir ki, ölkəmizdə çox gözəl investisiya iqlimi vardır, xarici investorların maraqları və buraya qoyulan vəsait dövlət tərəfindən qorunur. Ukraynada da investisiya iqlimi yaxşılaşır. Biz bunu görürük və böyük investisiyalarla, özəlləşdirmə ilə bağlı böyük planlar var. Bu barədə biz Prezidentlə danışdıq, hesab edirəm ki, Azərbaycan şirkətləri müxtəlif investisiya layihələrində fəal iştirak etməlidirlər. Biz razılaşdıq ki, gələn ilin əvvəlində Ukraynada hökumətlərarası birgə komissiyanın iclası keçiriləcək. Biz bu komissiyanın iclasına ciddi hazırlaşmalıyıq. İclasda həm dövlət qurumlarının, həm də özəl sektorun nümayəndələri iştirak etməlidirlər. Bu komissiyanın işinin konkret nəticələri olmalıdır və ondan sonra bizə məruzə edilməlidir.

Biznes dairələri çox həssasdır. Onlar adətən sərmayə qoyuluşu məsələlərinə çox böyük həssaslıqla, ehtiyatla yanaşırlar və dövlət qurumlarından müvafiq siqnallar gözləyirlər. Hesab edirəm ki, bizim Prezident Zelenski ilə bu biznes forumda birgə iştirakımız biznes dairələrinə ən gözəl siqnaldır. Hesab edirəm ki, onlar da bunu düzgün başa düşməli və nəticə çıxarmalıdırlar. Nəticə də o olmalıdır ki, bizim iqtisadi əlaqələrimiz daha sıx olsun. Əməkdaşlıq üçün çox geniş imkanlar vardır. Mən sərmayə qoyuluşunu qeyd etdim, eyni zamanda, həm Azərbaycanda, həm də Ukraynada turizm sahəsində böyük imkanlar var. Bizim ölkələrimizin çox zəngin, füsunkar təbiəti, inkişaf etmiş infrastrukturu var, ona görə bu sahəyə də diqqət yetirilməlidir.

Kənd təsərrüfatında əməkdaşlıq uğurla davam etdirilə bilər. Bugünkü əməkdaşlığın səviyyəsi, əlbəttə ki, bizi qane edə bilməz. Bütövlükdə bütün sahələrdə biz əməkdaşlığa açığıq və hesab edirəm ki, səfərin bu məsələlərin həllində çox önəmli rolu olacaqdır.

O ki qaldı, Azərbaycanda iqtisadi vəziyyətin inkişafına, ukraynalı qonaqlara bildirməliyəm ki, - artıq bunu qeyd etdim, - ölkəmizdə investisiya iqlimi çox müsbətdir və qoyulan sərmayənin həcmi bunu əyani şəkildə göstərir. Son 15 il ərzində Azərbaycanda iqtisadi artım çox sürətlə gedib, deyə bilərəm ki, iqtisadiyyat üç dəfədən çox artmışdır. Yəni, ümumi daxili məhsul 300 faizdən çox artmışdır və əlbəttə, bu, imkan verdi ki, biz həm iqtisadi gücümüzü artıraq, həm də infrastruktur layihələrini icra edək. Əgər 15 il bundan əvvəl yoxsulluq təxminən 50 faiz səviyyəsində idisə, bu gün bu, 5 faiz səviyyəsindədir. Yəni, bu, onu göstərir ki, təbii resurslardan əldə edilmiş gəlirlər cəmiyyətdə bərabər şəkildə bölünür və cəmiyyətin hər bir təbəqəsi bundan fayda görür.

Bu il biz çox ciddi sosial paket təqdim etdik. Əhalimizin təxminən yarısı – 4 milyon 200 min nəfər geniş sosial paketlə əhatə olundu, minimum əməkhaqqı 2 dəfə, minimum pensiya 70 faiz, bəzi müavinətlər 50 faiz, bəzi müavinətlər isə 100 faiz artırıldı və Azərbaycan dövləti öz siyasətinin mahiyyətini bir daha göstərdi. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və biz əldə edilmiş əlavə gəlirləri, ilk növbədə, sosial layihələrə yönəldirik. Eyni zamanda, təbii ki, infrastruktur layihələri də önəmli yer tutur.

Biznes mühitini xarakterizə etmək üçün bildirməliyəm ki, Azərbaycan iqtisadiyyatının 85 faizi özəl sektorda formalaşır. Bu, o deməkdir ki, geniş özəlləşdirmə prosesi artıq tamamlanmaq üzrədir. Dövlətin inhisarında yalnız strateji aktivlər qalıbdır. Məsələn, Dövlət Neft Şirkəti - bizim enerji şirkətimiz, su şirkətimiz, yol tikintisi şirkəti, dəmir yolu, Xəzər Gəmiçiliyi, AZAL - bizim hava yolları və bir neçə başqa şirkət. Onlardan başqa bizim bütün digər qurumlarımız özəl sektorda fəaliyyət göstərir və əlbəttə ki, bu, xarici investorlar üçün də çox gözəl iqlim yaradır.

Son dövrlərdə vergi və gömrük orqanlarında aparılan islahatlar bu sahələrdə öz nəticəsini verməkdədir. Ölkəmizdə bu sahələr çox problemli sahələr idi. Amma son bir neçə il ərzində çox ciddi islahatlar aparıldı və artıq bu sahələr şəffaflaşdı və biznes dərhal müsbət reaksiya verdi. Bu ilin 11 ayında vergi və gömrük orqanları xəzinəyə plandan əlavə təqribən 600 milyon dollar vəsait daxil etmişlər. Xarici borcumuz çox aşağı səviyyədədir, ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir. Bu göstəriciyə görə Azərbaycan dünyada doqquzuncu yerdədir. Bizim valyuta ehtiyatlarımız xarici borcumuzdan beş dəfə artıqdır. Yəni, biz istənilən vaxtda xarici borcu sıfırlaya bilərik. Bu yaxınlarda Beynəlxalq İnkişaf Assosiasiyasının hesabatına görə Azərbaycan təmiz donor ölkəsinə çevrilibdir. Yəni, biz indi borc alan ölkə deyil, borc verən ölkəyik. Biz özümüz də xarici ölkələrə sərmayə qoyuruq. Bu sərmayələr 20 milyard dollardan artıqdır. Bizim təşəbbüsümüzlə bölgədə çox önəmli enerji və nəqliyyat layihələri həyata keçirildi. Bu layihələrin həyata keçirilməsində xarici banklar, Avropa bankları, Asiya bankları bizə öz maliyyə dəstəyini göstərdi. Biz bu dəstək və daxili resurslarımız hesabına Xəzər dənizini neft kəmərləri ilə Qara dəniz və Aralıq dənizi ilə birləşdirdik. Eyni zamanda, Azərbaycandan Avropaya uzanan 3 min 500 kilometrlik qaz xətti artıq tamamlanmaq üzrədir. Gələn il biz bunun açılışını qeyd edəcəyik və beləliklə, Azərbaycan nəinki neft ixracatçısı, eyni zamanda, qaz ixracatçısı kimi dünyada öz sözünü deyəcək.

Bununla paralel olaraq biz artıq elektrik enerjisini də ixrac edirik, o cümlədən Avropaya. Artan enerji generasiya güclərimiz imkan yaradır ki, - təbii ki, biz daxili tələbatımızı ödəmişik, - başqa ölkələrin enerji təhlükəsizliyinə də töhfə veririk.

Bu gün müzakirə olunan məsələlərdən biri də nəqliyyatla bağlıdır və burada da əməkdaşlıq üçün çox geniş imkanlar var. Biz Ukraynanın nəqliyyat infrastrukturunu Azərbaycanın nəqliyyat infrastrukturu ilə birləşdirə və vahid tarif siyasəti apara bilsək, hesab edirəm ki, ölkələrimizin ərazisindən keçən yükdaşımaların həcmi kəskin artacaq. Biz keçən ilə nisbətən artımı görürük, ancaq hesab edirik ki, bu, daha da təsirli ola bilər.

Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkədir. Amma buna baxmayaraq, biz çox böyük investisiya layihələri ilə Azərbaycanı beynəlxalq nəqliyyat-logistika mərkəzlərindən birinə çevirdik və ərazimizdən keçən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri bizim bu rolumuzu artırır. Bu layihələr sonrakı digər layihələrə də təkan verdi, o cümlədən Şimal-Qərb və Cənub-Qərb nəqliyyat dəhlizi layihələri. Yəni, bütün bu yollar Azərbaycan ərazisindən keçir. Bu layihələr sırf iqtisadi və nəqliyyat layihələri deyil, geniş mənada beynəlxalq əməkdaşlığa da öz töhfəsini verir. Çünki bu dəhlizlər üzərində yerləşən ölkələr təbii müttəfiqlər statusuna qalxırlar. Beləliklə, bu layihələr, o cümlədən təhlükəsizliyə, əmin-amanlığa, qarşılıqlı anlaşmaya da xidmət göstərir. Hesab edirəm ki, bütün bu müsbət əsasları nəzərə alaraq biz qısa müddət ərzində həm ticarət dövriyyəmizi artıra, həm də böyük sərmayə qoyuluşu layihələrini icra edə bilərik. Beləliklə, bu biznes forumun konkret nəticələri olacaqdır. Biz bunu arzulayırıq, buna inanırıq. Azərbaycan və Ukrayna iş adamlarına uğurlar arzulayıram. Sağ olun.

x x x

 

Prezident Vladimir Zelenskinin çıxışı

- Təşəkkür edirəm, cənab Prezident. Sizi və forumun bütün iştirakçılarını salamlamaq istəyirəm. Bu, həm Ukrayna, həm də Azərbaycan üçün çox mühüm hadisədir. Bilirəm ki, burada 90-dan çox Ukrayna şirkəti və 100-dən artıq Azərbaycan şirkəti iştirak edir. Bu gün bizim birlikdə olmağımız çox vacibdir. Təəssüf ki, bir neçə il ərzində belə forum keçirilməyib. Aydındır ki, əgər biz görüşməsək, dialoqa başlamasaq, normal investisiya mühiti ola bilməz. Əgər biz real işlər, real rəqəmlər barədə danışmasaq, biznes Ukraynaya gəlməyəcək və əksinə. Cənab Prezident çox mühüm iradını bildirdi. Bu, qarşılıqlı etimad məsələsidir.

Bu gün mən Sizin gözəl paytaxtınızda ilk dəfə rəsmi səfərdəyəm. Azərbaycan Prezidenti cənab İlham Heydər oğlu ilə ilk dəfə görüşdüm. Mən hiss edirəm ki, bizdə dialoq başlandı. Bundan sonra konkret addımlar atılmalıdır. Ona görə ki, insanlar nəyisə vəd edəndə onlar öz öhdəliklərini yerinə yetirməlidirlər. Belə hallar olub və öhdəliklər yerinə yetiriləndə biz etimad qazanırıq. Biz artıq razılaşdıq ki, gələn ay böyük hökumət nümayəndə heyəti Ukraynaya səfər edəcək və danışıqlar çərçivəsində iqtisadi sahədə ikitərəfli əməkdaşlığın mühüm məsələləri – infrastruktur, özəlləşdirmə məsələləri müzakirə olunacaq. Ukraynanın 400-dən çox müəssisəsi özəlləşdirmə üçün hazırdır. Biz real investisiyalar görmək istəyirik və hamını görməyə şadıq.

Ukrayna nümayəndə heyətinin tərkibində İnfrastruktur naziri gəlib. Biz çoxlu infrastruktur layihələrini həyata keçirmək niyyətindəyik, 16 min kilometr yol inşa etməyə hazırıq. Biz bunun marağındayıq ki, Azərbaycan şirkətləri Ukraynada yollar tiksinlər. Bilirik ki, onlar başqa ölkələrdə uğurla işləyirlər. Hamıya məlumdur ki, Azərbaycanın “Bakcell” mobil operatoru Ukrayna bazarına daxil olub və onun investisiyaları 700 milyon dollara yaxındır. Ukrayna dövləti olaraq bizim vəzifəmiz bu investisiyaları qorumaqdır. Əlbəttə, bütün bunlar qarşılıqlı etimad səviyyəsində həyata keçirilir. Biz çox istəyirik ki, Azərbaycan Ukraynaya sərmayə yatırsın. Biz, həmçinin istəyirik ki, Ukrayna da Azərbaycanda təmsil olunsun. Bizim güclü iqtisadi münasibətlərimiz, həmçinin tarixi münasibətlərimiz var.

Daha bir investisiya sahəsi turizm sferasıdır. Məsələn, Xerson vilayətinin rəhbəri burada iştirak edir. Cənab Qusev Xerson vilayətini təmsil etməyə hazırdır. Bu vilayət Ukraynada turizm üçün ən cəlbedici yerlərdən biridir. O, bu fəaliyyətə hazırdır, lakin infrastruktur çatışmazlığını hiss edir. Buna görə biz bu sahədə də investisiya layihələrinə dair təklifi nəzərdən keçirməyə hazırıq.

SOCAR şirkəti ilə bizim çox səmimi tərəfdaşlıq, dostluq münasibətlərimiz var. Ukrayna-Azərbaycan əməkdaşlığından söz düşəndə dərhal SOCAR-ı xatırlayırıq. Biz istəyirik ki, SOCAR şirkətinin Ukraynada fəaliyyəti genişlənsin. Biz SOCAR şirkətinin köməyi ilə sərhədin ayrı-ayrı hissələrində xidmətlər təqdim edilməsi üzrə bütöv komplekslər tikmişik və gələcəkdə bu fəaliyyəti genişləndirməyə hazırıq. Əminəm ki, bu, bizim ən maraqlı infrastruktur layihələrindən biri olacaq. Mənim bir ideyam var. Siz bir neçə dəfə rəqəmlər səsləndirdiniz – Azərbaycanda dövlət borcu azdır, son 15 ildə ümumi daxili məhsul 300 faizdən çox artıb. Bütün bunlar sizdə var, istərdik ki, bizdə də belə olsun.

****

18:09

Dekabrın 17-də Bakıda Azərbaycan-Ukrayna biznes forumu keçirilib.

APA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski biznes forumda iştirak ediblər.

apa-logo-mini

Digər xəbərlər