Bakıda mədəniyyət və incəsənət biznesinə dair forum keçirilib - FOTO

Bakıda mədəniyyət və incəsənət biznesinə dair forum keçirilib - FOTO
# 27 fevral 2020 14:34 (UTC +04:00)

Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı ilə ilk dəfə olaraq mədəniyyət və incəsənət sahəsində biznesin inkişafına dair ictimai müzakirə təşkil edilib.

APA-Economics”in məlumatına görə, KOBİA-nın dəstəyi, aidiyyəti dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, müvafiq sahədə fəaliyyət göstərən sahibkarların, mədəniyyət və incəsənət nümayəndələrinin iştirakı ilə keçirilən “Mədəniyyət və incəsənət sahələri biznesi forumu: mövcud vəziyyət və perspektivlər” mövzusunda Forumda müzakirələr aparılıb, iştirakçıların təklifləri dinlənilib, sualları cavablandırılıb.

Tədbirdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev yaradıcı və mədəniyyət sənayesi ilə bağlı fikirlərini bölüşüb, nazirlik tərəfindən bu sahədə görülmüş işləri, o cümlədən kreativ sənaye ilə bağlı forumun keçirilməsi, creative.az internet səhifəsinin və müxtəlif assosiasiyaların yaradılması, yaradıcı şəxslər arasında müsabiqələrin təşkili barədə məlumat verib, bu sahənin inkişafı istiqamətində tədbirlərin davam edəcəyini qeyd edib.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov forumun dövlət-özəl dialoqu üçün əlverişli platforma olduğunu, müvafiq sektorun ölkə iqtisadiyyatında dəyər yaratma potensialının geniş olduğunu bildirib. Qeyd olunub ki, qabaqcıl dünya ölkələrində yaradıcı və mədəniyyət sənayelərinin ÜDM-də payı 5%-dən çoxdur, məşğulluqda da payı kifayət qədərdir. Azərbaycanda isə belə göstəricilər haqqında danışmaq hələ tezdir. Sahibkarları dəstəkləyən, onların maraqlarından çıxış edən KOBİA yaradıcı və mədəniyyət sənayesi sahəsində biznesin inkişafına dair ənənəvi sahələr üzrə dövlət və özəl sektorun təmsil olunduğu İşçi Qrupunun yaradılmasını, yaradıcı və mədəniyyət sənayesi sahəsində çalışan KOB-ların dövlət dəstək mexanizmlərindən faydalanması üçün maarifləndirilməsini, bu sahədə biznes assosiasiyanın, yeni təşkilati modellərin, o cümlədən Yaradıcı və Mədəniyyət Sənayeləri üzrə Startap Biznes Mərkəzlərinin, klasterlərin yaradılmasını və bunun təşviq edilməsini təklif edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR