Dövlət Xidməti: Azərbaycanda iqtisadi aktivliyin bərpası üçün tədbirlər görülür

Dövlət Xidməti: Azərbaycanda iqtisadi aktivliyin bərpası üçün tədbirlər görülür
  • Clock-gray 16:01
  • calendar-gray 21 Oktyabr 2020

Azərbaycanda iqtisadi aktivliyin bərpa edilməsi, sahibkarlıq subyektlərinin fəaliyyətinin tədricən normal məcraya qaytarılması üçün dövlət tərəfindən müvafiq tədbirlər görülür.

“Caspian Energy Club”-dan (CEC) “APA-Economics”ə verilən məlumata görə, bunu Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva CEC-in təşkil etdiyi Online B2G Forum çərçivəsində çıxış edərkən deyib.

O, pandemiyanın təsirlərinin aradan qaldırılması üçün həyata keçirilmiş tədbirlər, habelə yaranan yeni şəraitdə dövlətin əsas iqtisadi prioritetləri haqqında məlumat verib.

Rəis müavini bildirilib ki, bunlar qeyri-neft sektorunun, ixracyönümlü istehsal fəaliyyətinin genişləndirilməsi, xarici investisiyaların cəlb edilməsi, şəffaf və rəqabətyönümlü sahibkarlıq mühitinin yaranması və onun dayanıqlı inkişafı, mikro və kiçik sahibkarların dəyər zəncirində rolunun artırılmasıdır.

İqtisadi inkişafın və sadalanan prioritetlərin reallaşdırılmasının mühüm tənzimləyici elementlərindən biri isə səmərəli vergi mühitidir. Qeyd edilib ki, ötən dövr ərzində dövlətin ümumi sosial-iqtisadi siyasətindən irəli gələrək, vergi sistemində bir sıra islahatların həyata keçirilməsinə başlanılıb və əhəmiyyətli addımlar atılıb.

“Həyata keçirilən islahatların əsas məqsədi iqtisadi inkişafın hərəkətverici qüvvəsi olan kiçik və orta sahibkarlığın normal fəaliyyət göstərə bilməsi üçün əlverişli vergi mühitinin yaradılması, qeyri-neft sektorunun inkişafının genişləndirilməsi və “kölgə iqtisadiyyatı”nın azaldılmasına nail olmaqdır. Vergi ödəyiciləri üçün səmərəli şəraitin yaradılması yalnız vergi yükünün azaldılması, yaxud təşviqlərin təmin edilməsi deyil, eləcə də ədalətsiz rəqabətə gətirib çıxaran qanunsuz fəaliyyətlərlə, real iqtisadi mahiyyətdən kənar əqdlər bağlamaqla hansısa üstün mövqe tutan sahibkarlara qarşı ciddi mübarizənin aparılmasıdır”, - deyə S. Musayeva qeyd edib.

S. Musayeva vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın və şəffaflığın daha da artırılması məqsədilə vergi ödəyiciləri ilə açıq dialoqların keçirilməsi, sahibkarlıq subyektləri ilə mütəmadi görüşlərin təşkil edilməsi, sahibkarları narahat edən problemlər bağlı onların dinlənilməsi və operativ surətdə həllinin təmin edilməsi, qanunvericilikdəki qarşıya çıxan boşluqların aradan qaldırılması üçün onun təkmilləşdirilməsi istiqamətində zəruri addımlar atıldığını diqqətə çatdırıb.

O bildirib ki, qanunvericiliyin tələblərinə əməl edən, qanunla müəyyən olunan vergiləri ödəyən sahibkarların təşviq edilməsi, onların vergi yükünün aşağı salınması, qarşılıqlı münasibətlərin daha çox tərəfdaşlıq müstəvisində qurulması və qanunvericiliyin tələblərini pozan vergi ödəyicilərinə qarşı daha sərt məsuliyyət tədbirləri həyata keçirilir. Bu yanaşma qarşılıqlı inam, etimad və şəffaflıq üçün son dərəcə zəruri olan elementlərdir.

Hüseyn Vəliyev

Digər xəbərlər