KOBİA zərgərliklə məşğul olan sahibkarlarla bağlı təkliflər hazırlayıb

KOBİA zərgərliklə məşğul olan sahibkarlarla bağlı təkliflər hazırlayıb
# 18 fevral 2020 11:41 (UTC +04:00)

2019-cu ildə Azərbaycana idxal olunan zərgərlik məmulatlarının dəyəri 15,6 mln. ABŞ dolları təşkil edib ki, bu da real bazar həcmindən dəfələrlə aşağı göstəricidir.

"APA-Economics"in məlumatına görə, bunu "Azərbaycanda zərgərlik bazarının inkişaf perspektivləri: Problemlər və imkanlar" mövzusunda Bakıda keçirilən sahibkarlara görüşdə çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, göstəricilərin bu səviyyədə olması idxal rüsumlarının çox olması, qaçaqmalçılıq, məhsul idxalçılarının vergidən yayınma məqsədi ilə əməliyyatların qeyri-leqal həyata keçirilməsi ilə bağlıdır: "Bu sahədə məhsulların keyfiyyətinə və əyyar göstəricilərinə dövlət nəzarətinin həyata keçirəcək qurumunun hazırda fəaliyyət göstərməməsi, bazar iştirakçılarının, eləcə də istehlakçıların hüquqlarının pozulması hallarını artırır".

O həmçinin əlavə edib ki, bu sektorda fəaliyyət göstərən sahibkarların təşkilatlanması, dövlət-özəl dialoqu vasitəsilə ictimai müzakirələrin aparılmasında boşluqlar mövcuddur.

Agentlik bu istiqamətdə bir neçə təkliflər irəli sürüb.

"İlk təklif bu sahənin inkişaf etdirilməsi, müvafiq sahədə ticarətin və istehsalın təşviqi məqsədi ilə idxal rüsumlarının dərəcələrinə yenidən baxılması və ya tənzimləmə alətlərin sadələşdirilməsi ilə bağlıdır. Belə ki, qiymətli metallar və daşların ölkəyə idxalı üçün 15% gömrük rüsumu, 18% ƏDV, əlavə olaraq aksiz vergisi tətbiq olunur. Bir sıra MDB ölkələrinin təcrübəsinə baxsaq, görərik ki, bu sahədə tətbiq edilən vergi və rüsum dərəcələri bizim ölkə ilə müqayisədə olduqca aşağı və ya yox dərəcədədir. Məsələn, Ukrayna, Gürcüstan, Özbəkistan və s. ölkələrdə bu məhsulların idxalına heç bir rüsum alınmır. Hətta bir sıra ölkədə müvafiq sahədə yerli istehsalın təşviqi məqsədi ilə sahibkarlara güzəştli şərtlərlə kreditlər təklif olunur", - deyə O. Məmmədov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR