Moskvada növbəti "Azərbaycan nemətləri" stendi açılıb - FOTO

Moskvada növbəti "Azərbaycan nemətləri" stendi açılıb - FOTO
  • Clock-gray 12:39
  • calendar-gray 06 Mart 2021

Rusiyadakı ticarət nümayəndəliyimizin “Azərbaycan Ticarət Evi” layihəsi çərçivəsində Moskvanın ən böyük hipermarketlər şəbəkələrindən biri olan “Tvoy dom”da sayca üçüncü “Azərbaycan nemətləri” stendinin açılışı olub.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, tədbirdə çıxış edən Azərbaycanın Rusiyadakı ticarət nümayəndəliyinin rəhbəri Ruslan Əliyev Rusiya bazarında Azərbaycan məhsullarına tələbatın böyük olduğunu söyləyib. Məhsullarımızın satış həcminin 300 faiz artdığını söyləyən diplomat Moskva sakinlərinin ekoloji cəhətdən təmiz və sərfəli qiymətə satılan Azərbaycan məhsullarına üstünlük verdiyini bildirib.

“Tvoi Dom” hipermarketlər şəbəkəsinin reklam və PR şöbəsinin müdiri Məhərrəm Əhmədov isə çıxışında “Azərbaycan nemətləri” stendinin Rusiya sakinlərinə daha geniş şəkildə tanıtdırmaq məqsədi daşıdığını söyləyib.

“Azərbaycan nemətləri” layihəsinin rəhbəri Aleksandra Zinaitova Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyinin 2019-cu ildən Moskvanın “Tvoy dom” hipermarketlər şəbəkəsində “Azərbaycan nemətləri” stendini qurmağa başladığını söyləyib: Azərbaycan məhsullarının Rusiya bazarında təşviqini, azərbaycanlı ixracatçıların şimal qonşumuzun bazarına çıxışını təmin etmək böyük əhəmiyyət daşıyır. Azərbaycanın Rusiyadakı ticarət nümayəndəliyi artıq iki ildir ki, bu istiqamətdə fəaliyyətini genişləndirməyə davam edir. Bu məqsədlə Moskvada Azərbaycan məhsullarının alıcılara təqdim olunduğu sayca üçüncü stend fəaliyyətə başlayıb. Bu layihə uğurla davam etdirilir. Çünki rusiyalı alıcıların məhsullarımıza marağı böyükdür”.

Qeyd edək ki, Azərbaycan Prezidentinin tapşırığı ilə Ticarət Nümayəndəliyimizin Azərbaycanlı ixracatçılara hərtərəfli dəstək sisteminin formalaşdırılması, habelə Azərbaycan məhsullarının Rusiya bazarında təşviqinə dair yaradılan "Azərbaycan Ticarət Evi" konsepsiyasına daxil olan bu layihədə 40-dan artıq şirkətin 150 adda məhsulları təqdim olunur.

Fərid Əkbərov

Digər xəbərlər