Ötən il ASK-na 68 şirkət üzv seçilib

Ötən il ASK-na 68 şirkət üzv seçilib
# 19 fevral 2020 10:33 (UTC +04:00)

2019-cu ildə daha 68 yeni şirkət Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasına üzv seçilib.

APA-Economics” bu barədə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının 2019-cu ildə görülən işlərlə bağlı hesabatına istinadən xəbər verir.

Hesabata görə ASK üzvü olan şirkətlərin 56%-i mikro, 23%-i kiçik, 20%-i orta, 11%-i iri şirkətlərdir. Həmçinin Konfederasiyanın çətiri altında 41 assosiasiya birləşir.

Bildirilir ki, 2019-cu ildə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası lobbiçilik fəaliyyətini genişləndirib və hazırda Azərbaycanın bölgələrində 38, xaricdə 18 ölkədə nümayəndəsi fəaliyyət göstərir.

2019-cu ildə ASK 232 tədbir keçirib və tədbirlərdə iştirakçıların sayı 26 min 234 mindən çoxdur. ASK ilə xarici ölkələrin müvafiq qurumları arasında 13 anlaşma memorandumu imzalanıb. Xarici ölkələrə 14 biznes missiya təşkil olunub. Xarici ölkələrin biznes dairələri, diplomatik nümayəndəliklər və donor təşkilatlarla keçirilən işgüzar görüşlər uğurlu olub.

ASK-ın tərkibində biznesin müxtəlif sahələrini təmsil edən 14 komissiya fəaliyyət göstərir ki, bu komissiyaların 2019-cu ildə 19 iclası keçirilib.

Qeyd edək ki, ASK-Dövlət Gömrük Komitəsi, ASK-Dövlət Vergi Xidməti arasında İkitərəfli Əməkdaşlıq Şuraları mövcuddur və hər bir şuranın ayrılıqda 2 iclası keçirilib. İclaslarda malların gömrük dəyərinin müəyyən edilməsi üsulları, saxta malların idxalının qarşısının alınması ilə bağlı məsələlər, təşviqlə bağlı gələn avadanlıqların idxalındakı problemlər, gömrük keçid məntəqələrindəki yubanmalar, gömrük ekspertizasının gərəksiz yerə yüklənməsi və s. məsələlər müzakirə edilib.

Həmçinin müəssisələrdə sənədsiz mövcud olan əsas vəsaitlərin və malların qiymətləndirmə əsasında balansa daxil edilməsinə icazənin (amnistiyanın) verilməsi, avansın ƏDV-yə cəlb olunmasının ləğv edilməsi, ƏDV-nin differensiallaşdırılması, artıq ödəmədən yaranan ƏDV-nin qaytarılmasında operativliyin təmin edilməsi, onlayn kargüzarlıq prosesi zamanı texniki problemlərin həll olunması mövzusunda qarşılıqlı təkliflər səsləndirilib və qaldırılan məsələlərdən bir çoxu “Vergi Məcəlləsi”ndə öz əksini tapıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR