Pandemiyadan zərər çəkən 118 mindən çox vergi ödəyicisi maliyyə dəstəyi üçün müraciət edib

Pandemiyadan zərər çəkən 118 mindən çox vergi ödəyicisi maliyyə dəstəyi üçün müraciət edib
  • Clock-gray 14:33
  • calendar-gray 05 May 2020

Azərbaycan İqtisadiyyat Nazirliyinə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş 25 633 vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 92 553 fərdi (mikro) sahibkar, cəmi 118 186 vergi ödəyicisi müraciət edib.

Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində 191 306 işçini əhatə edən 21 472 sahibkarın müraciəti araşdırılaraq təsdiqlənib və ayrılacaq maliyyə vəsaitinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Digər vergi ödəyiciləri üzrə araşdırmalar davam edir. İndiyədək təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 86,36 mln. manat, o cümlədən 1-ci mərhələ üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi 43,18 mln. manat təşkil edir. Mayın 4-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 20 596 vergi ödəyicisinə 186 883 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 42,4 mln. manat vəsaitin köçürülməsi təmin edilib.

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 92 553 vergi ödəyicisindən müraciət daxil olub, 83 870 müraciət araşdırılaraq təsdiqlənib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 51,57 mln. manat təşkil edir. Mayın 4-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən artıq 49,2 mln. manat vəsaitin 78 643 fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsi təmin edilib.

Hüseyn Vəliyev

Digər xəbərlər