Pandemiyadan zərər çəkən 67 minə yaxın vergi ödəyicisi maliyyə dəstəyi üçün müraciət edib

Pandemiyadan zərər çəkən 67 minə yaxın vergi ödəyicisi maliyyə dəstəyi üçün müraciət edib
  • Clock-gray 17:26
  • calendar-gray 21 Aprel 2020

20 aprel tarixinə İqtisadiyyat Nazirliyinə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus (COVİD-19) pandemiyasından zərər çəkən 18 260 vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 48 659 fərdi (mikro) sahibkar, cəmi 66 919 vergi ödəyicisi müraciət edib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində 151 198 işçini əhatə edən 15 385 sahibkarın müraciəti araşdırılaraq təsdiqlənib və ayrılacaq maliyyə vəsaitinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Digər vergi ödəyiciləri üzrə araşdırmalar davam edir. İndiyədək təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 68,05 mln. manat, o cümlədən 1-ci mərhələ üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi 34,02 mln. manat təşkil edir.

Aprelin 20-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 13 722 vergi ödəyicisinə 138 422 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 31,4 mln. manat vəsaitin köçürülməsi təmin edilib.

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 48 659 vergi ödəyicisindən müraciət daxil olub, 45 002 müraciət araşdırılaraq təsdiqlənib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 32,6 mln. manat təşkil edir. Aprelin 20-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən artıq 26,71 mln. manat vəsaitin 35 223 fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsi təmin edilib.

Hüseyn Vəliyev

Digər xəbərlər