Tbilisidə Azərbaycan-Gürcüstan iqtisadi əlaqələrinin genişləndirilməsi müzakirə olunub - FOTO

Tbilisidə Azərbaycan-Gürcüstan iqtisadi əlaqələrinin genişləndirilməsi müzakirə olunub - FOTO
# 10 fevral 2020 11:46 (UTC +04:00)

Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Gürcüstanın paytaxtı Tbilisidə səfərdədir.

APA-nın yerli bürosunun məlumatına görə, nümayəndə heyətinə İqtisadiyyat Nazirliyinin, “Azərbaycan Dəmir Yolları” QSC-nin və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin yüksək vəzifəli rəsmiləri daxildir.

Azərbaycan nümayəndə heyəti Tbilisidə Heydər Əliyev Parkında Azərbaycan xalqının Ümummilli Liderinin abidəsini ziyarət edərək, önünə əklil qoyublar. Sonra Azərbaycan nümayəndə heyəti Gürcüstanın rəsmi şəxsləri ilə görüşlər keçirib, iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edib.

Azərbaycan nümayəndə heyətinin Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natiya Turnava ilə görüşündə iki ölkə arasında iqtisadi sahədə uğurlu əməkdaşlıq vurğulanıb. Bildirilib ki, Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət sahələrində 470-ə yaxın Gürcüstan şirkəti qeydiyyatdan keçib.

Eyni zamanda, Azərbaycan şirkətləri də Gürcüstanda uğurla fəaliyyət göstərir. İndiyədək Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına 3,2 mlrd. ABŞ dolları investisiya yatırılıb. Azərbaycan şirkətləri Gürcüstanda əsas vergi ödəyicilərindəndir. Vurğulanıb ki, təşkil edilən çoxsaylı biznes forumlar sahibkarlar arasında qarşılıqlı etimadın möhkəmlənməsinə, işgüzar əlaqələrin genişlənməsinə yeni imkanlar açır. Ölkələrimiz həmçinin, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Cənub-Qərb və digər beynəlxalq tranzit dəhlizlərinin inkişafında fəal əməkdaşlıq edir, Azərbaycan və Gürcüstan ərazisindən keçən tranzit yükdaşımaların həcmi artır.

Görüşdə qarşılıqlı sərmayə qoyuluşları üçün geniş imkanların olduğu, Azərbaycan şirkətlərinin Gürcüstanda həyata keçirilən layihələrdə iştirakı potensialı diqqətə çatdırılıb, energetika, nəqliyyat-tranzit, kənd təsərrüfatı, turizm, səhiyyə, təhsil və digər sahələrdə əlaqələrin genişləndirilməsi, biznes forum və işgüzar görüşlərin təşkili və digər məsələlər müzakirə edilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Tbilisiyə səfər çərçivəsində Gürcüstanda Azərbaycan İş Adamları Assosiasiyasının (AZEBI) üzvləri ilə də görüşəcəyi gözlənilir. Görüşdə azərbaycanlı iş adamlarının qonşu ölkədə fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR