Türk Ticarət və Sənaye Palatasının bəyanatı qəbul edilib

Türk Ticarət və Sənaye Palatasının bəyanatı qəbul edilib
  • Clock-gray 15:54
  • calendar-gray 02 Noyabr 2020

Türk Ticarət və Sənaye Palatasının (TTSP) “Azərbaycanın sosial və iqtisadi inkişafının yeni dövrü” mövzusunda keçirilən növbədənkənar iclasının iştirakçıları tərəfindən bəyanat qəbul edilib.

Azərbaycan Sahibkarlar Assosiasiyasından “APA-Economics”ə verilən məlumata görə, bəyanatda bildirilir ki, Palata Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə sahibkarlığın inkişafı üzrə strateji xəttinə uyğun olaraq, ölkədə biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, sahibkarlığın inkişafına dövlət dəstəyi tədbirləri, investisiyaların, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi ilə Azərbaycanda çoxminli sahibkarlar sinfinin formalaşmasına, rəqabətqabiliyyətli məhsul istehsal edən yüzlərlə müəssisələrin yaradılmasına, nəticədə ölkə məhsullarının xarici bazarlara ixracının artmasına yaradılan əlverişli şəraiti alqışlayır.

“Palata Azərbaycanın sosial-iqtisadi inkişafında, iqtisadi islahatların hüquqi bazasının təkmilləşdirilməsi, sahibkarların qanuni mənafelərinin qorunması və işgüzar fəaliyyətinin gücləndirilməsi istiqamətində dövlət başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müstəsna xidmətlərinə və gördüyü işlərə böyük dəyər verir.

Ortaq milli-mənəvi dəyərlərdən qaynaqlanan türkdilli dövlətlərin birliyi və strateji müttəfiqliyi hazırda birgə səylərimizlə inkişaf etməkdədir. Dünyada bənzəri olmayan bu dostluq və qardaşlıq münasibətləri regionda sülhə, təhlükəsizliyə və əməkdaşlığa xidmət edən, siyasi və iqtisadi proseslərə istiqamət verən mühüm amilə çevrilib. Türkdilli dövlətlərin Azərbaycanın haqq işinə verdiyi dəstək həmrəyliyimizin daha bir nümunəsidir və xalqlarımız üçün olduqca dəyərlidir.

Türk Ticarət və Sənaye Palatasının üzvləri və türkdilli dövlətlərin işgüzar dairələri son dövrlərdə Azərbaycanda baş verən hadisələri diqqətlə izləyirlər.

Palata üzvləri olaraq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələri çərçivəsində həll olunmasının vacibliyini bir daha vurğulayırıq.

Tədbir iştirakçıları Azərbaycanın münaqişə zonasından çox uzaqda yerləşən yaşayış məntəqələrinin erməni silahlı birləşmələri tərəfindən qadağan olunmuş silahlardan mütəmadi olaraq atəşə tutulmasını, dinc əhali arasında ağır itkilərə səbəb olan halların qətiyyən yolverilməz olduğunu bildirərək qəti etirazlarını ifadə edirlər. Dünya ictimaiyyəti Ermənistan tərəfindən beynəlxalq hüququn pozulması nəticəsində məqsədyönlü şəkildə mülki şəxslərin qətlə yetirilməsinin qarşısının alınması üçün zəruri addımlar atmalı və bu ölkənin silahlı birləşmələrinin Azərbaycanın işğal olunan ərazilərindən çıxarılmasını tələb etməlidir.

Türk Ticarət və Sənaye Palatasının üzvləri işğaldan azad olunmuş ərazilərin zəngin yeraltı sərvətlərə malik olmasını, kənd təsərrüfatının və turizmin inkişafı üçün yüksək potensialını, habelə iqtisadiyyatın digər sahələrinin inkişafı üçün əlverişli şəraitin olduğunu nəzərə alaraq, Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Azərbaycanın tərəqqisi və gələcək inkişafı üçün bütün imkanlarını səfərbər edərək həmin ərazilərdə həyata keçiriləcək genişmiqyaslı tədbirlərdə (infrastrukturun qurulması, tikinti, abadlıq-quruculuq işlərinin aparılması, sahibkarlığın inkişafına dəstək göstərilməsi, yeni layihələrin həyata keçirilməsi və s.) yaxından iştirak etməyə hazır olduqlarını bildirirlər.

Biz – “Azərbaycanın sosial və iqtisadi inkişafının yeni dövrü” mövzusunda keçirilən iclas iştirakçıları, habelə cəmiyyətin fəal hissəsini təşkil edən türkdilli dövlətlərin sahibkarları, həmrəylik nümayiş etdirərək Azərbaycanın qəbul etdiyi bütün qərarları dəstəkləyir, birlikdə yeni iqtisadi uğurlara nail olacağımıza inanır və ölkələrimizin iqtisadi potensialının daha da gücləndirilməsi, rəqabətə davamlı istehsalın genişləndirilməsi, əhalinin rifah halının daha da yaxşılaşdırılması, dünya miqyasında nüfuzumuzun artması üçün bütün gücümüzü səfərbər edəcəyimizi bəyan edirik”, - bəyanatda deyilir.

Hüseyn Vəliyev

Digər xəbərlər