Vahid Əhmədov: “Ərzaq məhsullarının istehsalına diqqət artırılmalıdır”

Vahid Əhmədov: “Ərzaq məhsullarının istehsalına diqqət artırılmalıdır”
# 16 mart 2021 12:52 (UTC +04:00)

“İxracın stimullaşdırılması üçün çox ciddi tədbirlərin görülməsinə ehtiyac var”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.

İdxalda ərzaq məhsullarının üstünlük təşkil etdiyini bildirən deputatın fikrincə, Azərbaycanda ərzaq məhsullarının istehsalına diqqət artırılmalıdır: “Bunu Prezident İlham Əliyev də hökumət qarşısında vəzifə kimi qoyub. Korporativ idarəetmənin müsbət nəticələrindən biri Azərbaycanda vergi sisteminin təkmilləşdirilməsidir. Əvvəllər sahibkarlardan vergi ilə bağlı çox şikayət alırdıq. Bu gün isə demək olar ki, Azərbaycanda vergi ilə bağlı problem yoxdur. Respublikada korrupsiyaya qarşı mübarizə çərçivəsində də tədbirlər görülüb. Amma Azərbaycanın hüquq-mühafizə sistemində islahatların aparılması bizi daha çox maraqlandırır. Məhkəmə sistemində müəyyən islahatlara getmək lazımdır, məhkəmələrin müstəqilliyi təmin edilməlidir”.

V. Əhmədovun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərin bərpasına dövlət büdcəsindən ayrılan vəsait çox azdır: “Oranın bərpası üçün 10 milyardlarla vəsait tələb olunacaq. Özəl təşkilatlardan, şirkətlərdən də istifadə etmək lazımdır. Məndə olan məlumata görə, İqtisadiyyat Nazirliyi bununla bağlı təkliflər hazırlayıb”.

Milli Məclis sədrinin müavini Əli Hüseynli isə bildirib ki, məhkəmələr hakimiyyətin müstəqil qoludur: “Hökumət Milli Məclisdə məhkəmələrin rolu ilə bağlı hesabat verə bilməz”.

Ə. Hüseynli qeyd edib ki, korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlər barədə də prokurorluq orqanları tərəfindən mütəmadi məlumat verilir: “Hökumətin əsas vəzifəsi preventiv yollarla korrupsiyaya qarşı mübarizədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR