Vüsal Qasımlı: "Qarabağda quruculuq işləri ÜDM-in artımını sürətləndirəcək"

Vüsal Qasımlı: "Qarabağda quruculuq işləri ÜDM-in artımını sürətləndirəcək"
# 24 noyabr 2020 11:04 (UTC +04:00)

Qarabağda investorların maraqlarına səbəb ola biləcək resurslar, strateji aktivlər, səmərəlilik və bazarlar mövcuddur.

APA-Economics”in məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

Onun sözlərinə görə, regionun həm 80 milyonluq İran, həm də Naxçıvan üzərindən 83 milyonluq Türkiyə bazarlarına çıxış imkanları ixrac yönümlü sərmayələr üçün cəlbedicidir: “Ümumiyyətlə, Qarabağ bölgəsi Azərbaycanda iqtisadi inkişafın yeni coğrafi drayveri – artım mərkəzi olacaq. Bu bölgədə sərmayə qoyuluşu və quruculuq işləri Azərbaycanda ÜDM-in artımını sürətləndirəcək”.

Mərkəzinin icraçı direktorunun sözlərinə görə, işğaldan azad olunan ərazilərdə dağ-mədən sənayesi, metallurgiya, yeyinti sənayesi, emal sənayesi, turizm-rekreasiya, yaradıcı sənaye, əczaçılıq, taxılçılıq, tərəvəzçilik, üzümçülük, pambıqçılıq, meyvəçilik, heyvandarlıq, quşçuluq, arıçılıq, tikini materialları kimi sahələr inkişaf potensialına malikdir.

“Bu sahələrə yatırılan sərmayələr həm qeyri-neft ixracının artması və idxalın əvəzlənməsi, həm də dəyər zəncirlərinə qoşulmaq nöqteyi-nəzərindən əhəmiyyət kəsb edəcək. Post-konflikt quruculuğu ölkəmizin iqtisadi təhlükəsizliyi, o cümlədən ərzaq təhlükəsizliyi baxımından əhəmiyyətli rol oynayacaq. Bu ərazilərdə investisiyaların təşviqi üçün müxtəlif mexanizmlər, o cümlədən, sənaye parkları və məhəllələri, aqro və texnoparklar və digər investisiya təşviqi mexanizmləri tətbiq edilə bilər”, - deyə V. Qasımlı əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR