Xələvi: ICCIA islam ölkələrində önəmli investisiya mühərriki rolunun oynayır

Xələvi: ICCIA islam ölkələrində önəmli investisiya mühərriki rolunun oynayır
  • Clock-gray 14:33
  • calendar-gray 10 Dekabr 2020

İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının (ICCIA) effektiv beynəlxalq quruma çevrilməsi üzərində işlər aparılır.

Azərbaycan Sahibkarlar Konfederasiyasından (ASK) “APA-Economics”ə verilən məlumata görə, bu barədə ICCIA Baş katibi Yusif Həsən Xələvi ASK-ın prezidenti Məmməd Musayevlə onlayn formatda keçirdiyi görüşdə deyib.

O, bu qurumun islam ölkələrində önəmli investisiya mühərriki rolunun oynaması, ayrı-ayrı ölkələrin sosial-iqtisadi inkişafı üçün müvafiq siyasi, strateji sənədlərin hazırlanmasına dəstək verildiyini, bu ölkələrdə özəl sektor, xüsusən də kiçik və orta sahibkarlığın inkişafı üçün təşkilatın öz qarşısında 28 məqsəd qoyduğunu qeyd edib.

Y. H. Xələvi bu məqsədlərə nail olmaq üçün ICCIA-ya üzv ölkələrin potensialına və rəqabət üstünlüklərinə uyğun şəkildə onların dünyada tanınmış biznes mərkəzlərinə çevrilməsi üçün müxtəlif biznes forumların təşkil olunacağını, bu ölkələrin qlobal mərkəzlərə çevrilməsinin planlaşdırıldığını qeyd edib. ICCIA Baş katibi bu mənada Azərbaycanın coğrafi mövqeyi və ənənəvi rəqabət üstünlüyü amillərini nəzərə almaqla qlobal hab rolunu oynaya biləcəyini söyləyib və ASK prezidenti ilə bu xüsusda fikir mübadiləsi aparıb.

Öz növbəsində, M. Musayev qeyd olunan məsələnin böyük əhəmiyyət kəsb etdiyini bildirərək Azərbaycanın xüsusən də orqanik kənd təsərrüfatı məhsullarının inkişafı üzrə qlobal mərkəzə çevrilə biləcəyini, bu barədə aidiyyəti dövlət orqanları ilə məsləhətləşmələr aparacağını bildirib.

Sonda Xələvi İstanbulda yaradılacaq Arbitraj Mərkəzi barədə geniş məlumat verərək bu mərkəzin bütün islam ölkələrini əhatə edəcəyini bildirdi.

Hüseyn Vəliyev

Digər xəbərlər