Azərbaycan indiyədək Rusiya iqtisadiyyatına 1,2 mlrd. dollar investisiya yatırıb

Azərbaycan indiyədək Rusiya iqtisadiyyatına 1,2 mlrd. dollar investisiya yatırıb
# 12 sentyabr 2019 11:04 (UTC +04:00)

Azərbaycan Rusiya iqtisadiyyatına təqribən 1,2 mlrd. ABŞ dolları həcmində investisiya yatırıb.

"APA-Economics"in məlumatına görə bunu, Azərbaycan-Rusiya biznes forumunda çıxış edən Azərbaycanın İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyib.

Onun sözlərinə görə, Rusiya tərəfindən Azərbaycan iqtisadiyyatına təxminən 4 mlrd. dollarlıq investisiya yatırılıb.

"İnvestisiyalar əsasən ticarət, bank sektoruna, sığorta, nəqliyyat, inşaat, xidmət və digər sahələrə yatırılıb. Ümumilikdə, əməkdaşlıq, demək olar, bütün sahələri əhatə edir", - deyə nazir müavini qeyd edib.

R. Məmmədov əlavə edib ki, cari ilin ilk 7 ayı ərzində Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 23% artıb. Ötən il üzrə artım 19% təşkil edib.

"Azərbaycanla Rusiyanın Sverdlovsk vilayəti arasında ticarət dövriyyəsinin həcmi ötən il 83% artaraq təqribən 100 mln. dollar təşkil edib. Bu gün bir sıra sənədlər imzalanacaq ki, bu da gələcək əməkdaşlığın daha da genişləndirilməsinə töhfə verəcək", - deyə R. Məmmədov qeyd edib.

Nazir müavinin sözlərinə görə, rusiyalı həmkarlarla aparılan araşdırmalar göstərir ki, perspektivdə Azərbaycandan Rusiyaya meyvə-tərəvəz məhsullarının tədarükünü 1 mln. tonadək artırmağa imkan mövcuddur.

"Sverdlovsk vilayətinə Azərbaycan məhsullarının tədarükü təkcə kənd təsərrüfatı məhsulları ilə kifayətlənmir. Bura həmçinin sənaye məhsulları da daxildir", - deyə nazir müavini əlavə edib.

Qeyd edək ki, biznes forum çərçivəsində Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyası ilə Sverdlovsk vilayətinin "Binası" MMC və TEN şirkətlə qrupu arasında əməkdaşlığa dair memorandumlar imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR