Azərbaycan Şanxayda keçiriləcək Çin Beynəlxalq İdxal Məhsulları Sərgisində təmsil olunacaq

Azərbaycan Şanxayda keçiriləcək Çin Beynəlxalq İdxal Məhsulları Sərgisində təmsil olunacaq
# 11 oktyabr 2019 14:41 (UTC +04:00)

Azərbaycan bu ilin noyabrında Şanxayda keçiriləcək 2-ci Çin Beynəlxalq İdxal Məhsulları Sərgisində təmsil olunacaq.

APA-Economics”in İtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın İqtisadiyyat naziri, Azərbaycan-Çin hökumətlərarası ticarət-iqtisadi əməkdaşlıq komissiyasının həmsədri Şahin Mustafayev Çin Xalq Respublikasının Azərbaycandakı səfiri xanım Quo Min ilə görüşü zamanı deyib.

Nazir bildirib ki, hazırda Azərbaycanda ticarət, xidmət, sənaye, tikinti, maliyyə, kənd təsərrüfatı və s. sahələrdə 120-dək Çin investisiyalı şirkət fəaliyyət göstərir. Çin şirkətləri Azərbaycanın dövlət layihələrində də iştirak edirlər.

Azərbaycanın Çinlə iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdıran İqtisadiyyat naziri ticarət, investisiya, nəqliyyat-tranzit, İKT, kənd təsərrüfatı, maliyyə, turizm və s. sahələrdə tərəfdaşlığın inkişaf etdirilməsi üçün böyük potensialı vurğulayıb.

Ş. Mustafayev Azərbaycan iqtisadiyyatı barədə məlumat verib, qeyri-neft sektorunun uğurla inkişaf etdiyini diqqətə çatdıraraq Çin şirkətlərini Azərbaycanda yaradılmış əlverişli işgüzar mühitdən yararlanmağa dəvət edib. Nazir qeyd edib ki, sənaye sahəsində bir sıra layihələr üzrə artıq razılaşmalar əldə edilib.

Öz növbəsində səfir Quo Min Azərbaycan və Çin arasında əlaqələrin inkişaf etdiyini, Çinin Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə önəm verdiyini diqqətə çatdırıb. O qeyd edib ki, qarşılıqlı ticarət dövriyyəsi artır, bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar var. Azərbaycanın əlverişli və unikal coğrafi mövqeyini vurğulayan səfir nəqliyyat, kənd təsərrüfatı, investisiya və digər sahələrdə əlaqələrin inkişafı üçün potensialı, ölkəsində Azərbaycanın aqrar məhsulları və şərablarının çox tanındığını, onlara tələbat olduğunu qeyd edib.

Görüşdə iqtisadi əməkdaşlığın genişləndirilməsi, eləcə də bu ilin noyabrında Şanxayda keçiriləcək 2-ci Çin Beynəlxalq İdxal Məhsulları Sərgisi barədə müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR