Azərbaycanda bu il 721 sahibkara 76 mln. manatdan çox güzəştli kredit verilib

Azərbaycanda bu il 721 sahibkara 76 mln. manatdan çox güzəştli kredit verilib
# 05 sentyabr 2019 16:09 (UTC +04:00)

Azərbaycan İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun təşkilatçılığı ilə Xaçmaz rayonunda sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirilib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, forum çərçivəsində Xaçmaz rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan intensiv bağçılıq, tingçilik, cins heyvandarlıq, arıçılıq təsərrüfatlarının, logistik mərkəzin, quru meyvə istehsalı və süd emalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib.

Tədbirdə çıxış edən İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov ölkədə sahibkarlığın genişləndirilməsi və özəl bölmənin iqtisadiyyatda rolunun artırılması, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması tədbirlərinin sistemli və ardıcıl olaraq davam etdirildiyini vurğulayıb. Bu baxımdan sahibkarların maliyyə resursları ilə təmin olunmasının əsas mexanizmlərdən olduğunu vurğulayan Sahib Məmmədov bu ilin ötən dövründə 721 sahibkarın ümumi dəyəri 265,8 mln. manat olan investisiya layihələrinə 76,2 mln. manat güzəştli kredit verildiyini, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılmasının 3 000-dək iş yerinin açılmasına imkan yaratdığını qeyd edib.

İşgüzar forum çərçivəsində Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən 41 sahibkara 3,8 mln. manat güzəştli kredit verilib. Verilən kreditlər turizm, heyvandarlıq, bağçılıq, aqroparkın yaradılması, tara istehsalı və s. sahələrə yönəldiləcəkdir. Bu kreditlərdən yararlanmaqla investisiya layihələrinin reallaşdırılması hesabına 300-dən çox iş yerinin açılması mümkün olacaq.

Ümumilikdə, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla indiyədək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2 731 investisiya layihəsinin maliyyələşdirilməsinə 217,3 mln. manat güzəştli kredit verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR