Azərbaycanda indiyədək turizm layihələrinə 46 mln. manatdan çox güzəştli kreditlər verilib

Azərbaycanda indiyədək turizm layihələrinə 46 mln. manatdan çox güzəştli kreditlər verilib
# 28 iyun 2019 15:00 (UTC +04:00)

Azərbaycan İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun təşkilatçılığı ilə Qax rayonunda sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forum keçirilib.

APA-Economics”in nazirliyə istinadən verdiyi məlumata görə, forum çərçivəsində Qax rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan kənd turizminin inkişafı, bağçılıq, tütünçülük və arıçılıq təsərrüfatlarının, fındıq emalı müəssisəsinin, tütün qurutma kameralarının və ixtisaslaşdırımış “yaşıl market”in yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov çıxışında ölkədə sahibkarlığın genişləndirilməsi və özəl bölmənin iqtisadiyyatda rolunun artırılması, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması tədbirlərinin sistemli və ardıcıl olaraq davam etdirildiyini vurğulayıb. Bildirilib ki, sahibkarlığın maliyyə resursları ilə təmin olunması əsas mexanizmlərdəndir. Sahibkarların investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi vəziyyəti barədə məlumat verən Sahib Məmmədov bu ilin ötən dövründə 493 sahibkarın ümumi dəyəri 176,5 mln. manat olan investisiya layihələrinə 47,9 mln. manat güzəştli kredit verildiyini, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılmasının 1 800-dən çox iş yerinin yaradılmasına imkan verdiyini qeyd edib.

İşgüzar forum çərçivəsində Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən 23 sahibkara 1,5 mln. manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, turizm, heyvandarlıq, bağçılıq və s. sahələrin inkişafına yönəldiləcəkdir. Bu kreditlərin reallaşdırılması hesabına 40-dan çox iş yerinin açılması mümkün olacaq. Ümumilikdə, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla indiyədək Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2 400-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 118,1 mln. manat güzəştli kredit verilib.

Ümumilikdə, indiyədək turizmin inkişafı ilə bağlı 201 investisiya layihəsinin maliyyələşdirilməsinə 46,3 mln. manat dövlətin güzəştli krediti verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR