Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri 2,8% artaraq 18 mlrd. manata çatıb

Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri 2,8% artaraq 18 mlrd. manata çatıb
# 12 iyul 2019 11:22 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,8% üstələyərək 18 mlrd. manata bərabər olub.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ticarət dövriyyəsinin 8 944,9 mln. manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 9 033,0 mln. manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2018-ci ilin yanvar-iyun aylarına nisbətən real ifadədə müvafiq olaraq 2,5% və 3,1% artıb.

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 44,9%-i ərzaq məhsullarının, 4,9%-i içkilər və tütün məmulatlarının, 18%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,9%-i elektrik malları və mebellərin, 5,5%-i avtomobil yanacağının, 1,3%-i əczaçılıq və tibbi malların, 0,8%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,7%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

Cari ilin birinci yarısında istehlak məhsullarının dəyər ifadəsində 20%-i ticarət müəssisələri, 49%-i fərdi sahibkarlar tərəfindən, 31%-i isə bazar və yarmarkalarda satılıb. Ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 27,8%, fərdi sahibkarlar üzrə 0,2% artıb, bazar və yarmarkalarda isə 5,3% azalıb.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 303,2 manat və ya 2018-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 11,5 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 150,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 152,3 manatlıq qeyri-ərzaq məhsulları alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR