"Caspian Energy Kazakhstan" ilk "CEO Lunch Aktau" tədbirini keçirib

"Caspian Energy Kazakhstan" ilk "CEO Lunch Aktau" tədbirini keçirib
# 27 sentyabr 2019 16:18 (UTC +04:00)

“Caspian European Club” və “Caspian Energy”-nin eksklüziv partnyoru olan “Caspian Energy Kazakhstan” ilk “CEO Lunch Aktau” tədbirini təşkil edib.

“Caspian European Club”dan "APA-Economics"ə verilən məlumata görə, “CEO Lunch Aktau”da təbrik nitqi ilə çıxış edən Azərbaycanın Qazaxıstanda ki fövqəladə və səlahiyyətli səfiri cənab Rəşad Məmmədov Qazaxıstanda eyni vaxtda Azərbaycan Ticarət Evinin və “Caspian Energy Kazakhstan”ın fəaliyyətə başlamasının əhəmiyyətini qeyd edib. Səfir bu iki təşkilatın fəaliyyətinin iki dost ölkə arasında iqtisadi və işgüzar münasibətləri daha da möhkəmlədəcəyindən əminliyini ifadə edib.

Sonra “Caspian European Club”ın sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev informasiya-konsaltinq xidmətinin göstərilməsi və “Caspian European Club”ın üzv şirkətlərinin top-menecerləri və nümayəndələri üçün müxtəlif növ biznes-forum, dəyirmi masa, treninq, seminar və “CEO Lunch” təşkili ilə məşğul olacaq “Caspian Energy Kazakhstan”ın fəaliyyətinin təqdimatını keçirib. Eyni zamanda “Caspian European Club”ın 17 il ərzindəki fəaliyyəti barədə ətraflı məlumat verilib.

Çıxışının sonunda Telman Əliyev bütün “CEO Lunch Aktau” iştirakçılarını Nur-Sultan, Bakı, Tbilisi və Daşkənddəki tədbirlərə qatılmağa dəvət edib.

Azərbaycan Ticarət Evinin Qazaxıstandakı baş direktoru Hüseyn Cəbrayılov Ticarət Evinin açılmasını elan etdi və bildirdi ki, Ticarət Evinin nəinki Nur-Sultan şəhərində, həmçinin Qazaxıstanın başqa şəhərlərində də filialları olacaq. “İlk belə filialı biz Aktau şəhərində açmağı planlaşdırırıq. Azərbaycan Ticarət Evinin Qazaxıstanda açılması iqtisadi əlaqələrin genişləndirilməsinə və investisiya əməkdaşlığına böyük töhfə verəcək”, - deyə Hüseyn Cəbrayılov qeyd etdi.

Qeyd edək ki, “CEO Lunch” işgüzar ünsiyyət üçün unikal platformadır. Tədbir çərçivəsində yaradıcı ziyalılar, dövlət məmurları, diplomatik missiya və beynəlxalq təşkilat rəhbərləri, orta səviyyəli top-menecer və menecerlər ünsiyyət qurmaq və fikir mübadiləsi aparmaq imkanı əldə edirlər.

Hər ay Qazaxıstanın müxtəlif şəhər və regionlarında keçiriləcək “CEO Lunch” Qazaxıstan və Azərbaycanın dövlət və özəl sektor nümayəndələri arasında dialoqun qurulmasında aparıcı vasitə olmaqla yanaşı, həmçinin qeyri-rəsmi şəraitdə ünsiyyət və Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin nümayəndələri ilə yeni işgüzar əlaqələr üçün əlavə imkanlar yaradır.

Xatırladaq ki, sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian European Club” 2002-ci ilin iyununda yaradılıb. “Caspian European Club”ın mənzil-qərargahı Bakıda yerləşir. Klubun Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin ABŞ və Almaniyada səlahiyyətli nümayəndələri var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR