"Caspian European Club" iş adamları ilə görüşmək üçün Baş Nazir və hökumət üzvlərinə müraciət edib

"Caspian European Club" iş adamları ilə görüşmək üçün Baş Nazir və hökumət üzvlərinə müraciət edib
# 25 oktyabr 2019 13:14 (UTC +04:00)

“Caspian European Club”un tərkibinə daxil olan şirkət və təşkilatların top-menecerləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən kadr islahatlarını və yeni təyinatları yüksək qiymətləndirir, həmçinin Azərbaycanda investisiya və biznes mühitinin yaxşılaşdırılması üzrə yeni iqtisadi strategiyanı ruh yüksəkliyi ilə qəbul edirlər.

“Caspian European Club”dan “APA-Economics”ə verilən məlumata görə, bunu “Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev deyib. T. Əliyevin fikrincə, “biznes-hökumət dialoqunun daha da fəallaşması üçün B2G formatında forumların təşkilini davam etdirmək lazımdır. Bu forumlar çərçivəsində şirkət top-menecerləri onları maraqlandıran suallara, əvvəllər olduğu kimi, nazirlərin və dövlət qurumlarının rəhbərlərinin dilindən cavab ala bilərlər: “Biz “Caspian European Club”un üzv şirkətlərinin top-menecerləri ilə görüşmək xahişi ilə Baş Nazir Əli Əsədova yazılı müraciət yollamışıq. Analoji xahişlə Prezidentin köməkçilərinə, Birinci Vitse-prezidentə, nazirlərə, iqtisadi bloku təmsil edən dövlət komitələrinin və dövlət agentliklərinin rəhbərlərinə də müraciət etmişik. Yeni Baş Nazirlə açıq görüş və hökumətin iqtisadi blokunu təmsil edən nümayəndələrlə ayrı-ayrı görüşlər Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatları müşahidə edən potensial investorlar üçün ciddi siqnal ola bilər”.

T. Əliyev onu da əlavə edib ki, “Caspian European Club” çərçivəsində yaradılmış unikal platforma analoji təşkilat və assosiasiyaların ərsəyə gətirdiyi digər vasitələrdən öz aşkarlığı və əlçatanlığı ilə hər zaman seçilib.

“Biz həmişəki kimi, Prezidentə, Birinci Vitse-prezidentə və hökumətə biznes nümayəndələrinin qarşılaşdıqları problem və çətinliklərlə bağlı məlumatı, eyni zamanda həmin problemlərin həlli yolları ilə bağlı təkliflərimizdən ibarət aylıq hesabatları da təqdim etməyə hazır olduğumuzu bildiririk”, - deyə T. Əliyev qeyd edib.

Qeyd edək ki, sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian European Club” 2002-ci ilin iyununda yaradılıb. Caspian European Club-un mənzil-qərargahı Bakı şəhərində yerləşir. Klubun həmçinin Gürcüstanda və Qazaxıstanda rəsmi nümayəndəlikləri, ABŞ, Almaniya, Polşa və Çexiyada səlahiyyətli nümayəndələri var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR