Dövlət satınalmaları ilə bağlı onlayn maarifləndirmə tədbiri keçirilib

Dövlət satınalmaları ilə bağlı onlayn maarifləndirmə tədbiri keçirilib
  • Clock-gray 15:00
  • calendar-gray 06 Avqust 2019

Dövlət satınalmaları ilə bağlı sahibkarların, xüsusilə də kiçik və orta biznes subyektlərinin məlumatlandırılması məqsədilə Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə onlayn maarifləndirmə tədbiri keçirilib.

KOBİA-dan “APA-Economics”ə verilən məlumata görə, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dəstəyi ilə təşkil olunan tədbirdə Elektron Hökumətin İnkişafı Mərkəzinin və Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin mütəxəssisləri sahibkarları dövlət satınalmalarında iştirak prosedurları, bu istiqamətdə həyata keçirilən islahatlar, etender.gov.az internet portalı və ondan istifadə barəsində məlumatlandırıb, onları maraqlandıran sualları cavablandırıblar.

Onlayn tədbirdən Bakıda, eləcə də ölkə regionlarında fəaliyyət göstərən 900-dən çox sahibkar yararlanıb.

Tədbir çərçivəsində sahibkarlara ekspertlərə birbaşa müraciət etməklə yanaşı, suallarını yazılı formada göndərmək imkanı da yaradılıb. Sahibkarların suallarının əksəriyyəti ekspertlər tərəfindən tədbir çərçivəsində operativ şəkildə cavablandırılıb. 

Daha çox sahibkarın yararlanması üçün onlayn maarifləndirmə tədbiri KOBİA-nın Facebook səhifəsi üzərindən birbaşa yayımlanıb. 

Regionlarda fəaliyyət göstərən KOB subyektlərinin onlayn maarifləndirmə tədbirində iştirakına dəstək məqsədilə KOBİA-nın ölkənin 14 şəhər və rayonunda fəaliyyət göstərən KOB dostları tərəfindən sahibkarlara köməklik göstərilib.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date