Dövlət Xidmətinin rəisi: "Sahibkarlar tərəfindən qaldırılan istənilən məsələ dərhal həll edilir" - FOTO

Dövlət Xidmətinin rəisi: "Sahibkarlar tərəfindən qaldırılan istənilən məsələ dərhal həll edilir" - FOTO
# 23 oktyabr 2019 15:14 (UTC +04:00)

“Sahibkarlar tərəfindən qaldırılan istənilən məsələ müzakirəyə çıxarılır və dərhal həll edilir”.

APA-Economics”in məlumatına görə, bunu “Caspian European Club” tərəfindən Bakıda təşkil olunmuş “CEO Lunch Baku”nun (işgüzar nahar) fəxri qonağı qismində iştirak edən Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov deyib.

Xidmət rəisi Dövlət Miqrasiya Xidmətinin əsas fəaliyyət istiqamətləri, həyata keçirilən yeni layihələr, miqrasiya qanunvericiliyinə edilən dəyişikliklər barədə ətraflı məlumat verib. Həmçinin uğurlu platforma rolunu oynayan klub çərçivəsində reallaşdırılan tədbirlərin önəmini və birgə əməkdaşlığın bütün iştirakçılar üçün faydasını diqqətə çatdırıb. Bildirib ki, Dövlət Miqrasiya Xidməti fəaliyyətində sahibkarlarla dialoqun inkişaf etdirilməsinə xüsusi diqqət ayırır, özəl sektorun inkişafı, innovativ metodların tətbiqini daim gündəmdə saxlayır. Məhz sahibkarlara göstərilən xidmətlərin sadələşdirilməsi və keyfiyyətinin artırılması istiqamətində reallaşdırılan layihələr bunun əyani sübutudur.

Xidmət rəis qeyd edib ki, “CEO Lunch” işgüzar ünsiyyət üçün unikal platformadır. Dövlət və özəl sektor nümayəndələri arasında dialoqun qurulması, fikir mübadiləsi aparmaq, işgüzar əlaqələr üçün əlavə imkanlar yaradır. Vüsal Hüseynov deyib ki, belə tədbirlərdə sahibkarlar tərəfindən qaldırılan istənilən məsələ və təklif müzakirəyə çıxarılır və dərhal həll edilir.

Sonra “Caspian European Club” sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev çıxış edib. Son ildə işçi qrup çərçivəsində Dövlət Miqrasiya Xidməti ilə əməkdaşlığın fəallaşdırılmasında Xidmət rəisinin xüsusi rolunu diqqətə çatdırıb. Bildirib ki, məhz bu səbəbə görə bugünkü işgüzar nahar səmimi dostluq mühitində keçir.

Daha sonra Vüsal Hüseynova “Caspian European Club”un fəxri üzvlük sertifikatı təqdim olunub. Eyni zamanda, “Caspian European Club”un həm yeni, həm də onun tərkibinə daxil olan üzv şirkətlərə sertifikatlar verilib.

Qeyd edək ki, Azərbaycan, Gürcüstan, Qazaxıstan və digər ölkələrdə da hər ay keçirilən “CEO Lunch” dövlət və özəl sektor nümayəndələri arasında dialoqun qurulması və netvorkinq üçün unikal platforma və aparıcı vasitədir. “CEO Lunch”da iştirak həmçinin qeyri-rəsmi şəraitdə ünsiyyət və Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin şirkət nümayəndələri ilə yeni işgüzar əlaqələr üçün əlavə imkanlar yaradır.

Sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian European Club” 2002-ci ilin iyununda yaradılıb. “Caspian European Club”un mənzil-qərargahı Bakıda (Azərbaycan) yerləşir. “Caspian European Club”un Gürcüstan, Qazaxıstan və Özbəkistanda rəsmi nümayəndəliyi, həmçinin ABŞ, Almaniya, Polşa və Çexiyada səlahiyyətli nümayəndələri var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR