"DSM Group": Azərbaycanda pərakəndə dərman bazarının dövriyyəsi 1,5 mlrd. dollar səviyyəsindədir

"DSM Group": Azərbaycanda pərakəndə dərman bazarının dövriyyəsi 1,5 mlrd. dollar səviyyəsindədir
  • Clock-gray 18:23
  • calendar-gray 10 Oktyabr 2019

Rusiyanın "Nanolek" şirkəti allergiya və ürək-damar xəstəliklərinə qarşı üç pərakəndə dərman vasitəsini Azərbaycanda qeydiyyatdan keçirməklə MDB bazarlarına çıxır.

"APA-Economics"in "Kommersant"a istinadən verdiyi məlumata görə, şirkət Azərbaycanda müvafiq dərmanlar bazarının 30% payına sahib olmağa ümid edir. Daha sonra isə "Nanolek" Özbəkistan və Belarusda dövlət satınalmalarında iştirak etmək niyyətindədir.

Şirkət artıq üç beynəlxalq qeyri-patent dərmanı Azərbaycanda qeydiyyatdan keçirib: "Nalorius” (allergiyaya qarşı), "Ramipril-Nanolek" və "Nebivolol-Nanolek" (hər ikisi ürək-damar xəstəliklərinə qarşı). Sözügedən dərman preparatlarının Azərbaycana tədarükünə artıq bu il ərzində başlanıla bilər. Cari ildə bu dərmanların ümumi həcmi 50 min paketə, 2020-ci ildə 110 min paketə qədər artacağı gözlənilir.

"Nanolek"in mütəxəssislərinin fikrincə, qeyd edilən bu üç dərmanın hər birinin analoqu Azərbaycan bazarında mövcuddur, lakin şirkətin dərmanlarının qiyməti 10-15% aşağı olacaq. Bu səbəbdən 2020-ci ildə istehsalçı müvafiq xəstəliklərin müalicəsi üçün yerli dərman bazarının ən azı 30%-nə sahib olmaq niyyətindədir.

"Nanolek"də etiraf edirlər ki, Azərbaycan bazarı şirkətin ümumi satışının 1%-ni təşkil edəcək, çünki dövriyyənin böyük hissəsi Rusiyada dövlət proqramları çərçivəsində tədarük olunan peyvənd və dərmanların payına düşür. Azərbaycanda qeydiyyata alınmış dərmanlar pərakəndə realizə olunacaq. Eyni zamanda, istehsalçı dövlət satınalmalarının xarici seqmentinə də daxil olmağa hazırlaşır. Belə ki, 2019-cu ildə "Nanolek" ikinci tip mukopolisaxaridoz xəstəliyinin müalicəsi üçün nəzərdə tutulan "Xanteraza" dərman preparatını Qazaxıstana ixrac edəcək.

"DSM Group" agentliyinin (apteklərin pərakəndə auditini həyata keçirən qurum) direktoru Sergey Şulyakın sözlərinə görə, Azərbaycanda pərakəndə dərman bazarı Rusiya, Qazaxıstan və Ukraynadan sonra MDB ölkələri arasında dördüncüdür və dövriyyəsi 1,5 mlrd. ABŞ dolları səviyyəsindədir. Onun fikrincə, "Nanolek"in Azərbaycanın lehinə seçimi şirkətin yerli aptek şəbəkələri ilə tərəfdaşlıq etməsi ilə izah edilə bilər.

APA-Economics

Digər xəbərlər

Arxiv

date