Masallıda sənaye parkları və məhəllələrində istehsal edilən mebel məhsullarının sərgi-satış mərkəzi açılıb

Masallıda sənaye parkları və məhəllələrində istehsal edilən mebel məhsullarının sərgi-satış mərkəzi açılıb
# 18 iyun 2019 16:50 (UTC +04:00)

Masallıda sənaye parkları və məhəllələrində istehsal edilən mebel məhsullarının sərgi-satış mərkəzi açılıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Masallıda sənaye parklarında və məhəllələrində mebel istehsalı sahəsində fəaliyyət göstərən sahibkarların məhsullarının sərgi-satış mərkəzi açılıb. 1 200 kv. metr sahədə yaradılmış mərkəzdə müxtəlif çeşidli mebel dəstləri, yataq, mətbəx mebelləri, stol və masalar, divan, mebel aksesuarları və s. nümayiş olunur.

Mərkəzin açılış mərasimində bildirilib ki, Azərbaycandakı əlverişli biznes və investisiya mühiti iqtisadiyyatın digər sahələri ilə yanaşı, sənayedə də sahibkarlıqla məşğul olmaq istəyənlər üçün münbit şərait yaradır. Həyata keçirilən səmərəli və dəqiq hədəflərə hesablanmış sosial-iqtisadi siyasətin real nəticələri konkret rəqəmlərdə də ifadə olunur. Həyata keçirilən islahatlar ümumi daxili məhsulun artımının daha çox sənaye istehsalının hesabına formalaşmasını şərtləndirir. Ümumi daxili məhsulda sənayenin payının ildən-ilə nəzərəçarpacaq dərəcədə artması bunu aydın şəkildə göstərir. Belə ki, ümumi daxili məhsulda sənayenin payı 2018-ci ildə 44,2%, 2019-cu ilin birinci rübündə isə 46% təşkil edib.

Ötən il Azərbaycanda sənaye istehsalı 1,5% artıb. İnkişaf meylli 2019-cu ildə də davam edir. Bu ilin ilk rübündə qeyri-neft sektorunda 1,7%, sənaye istehsalında 4,4%, qeyri-neft sənayesində isə 15,6%-lik artıma nail olunub.

Hazırkı dövrdə sənayenin yeni modellərin tətbiqi ilə inkişaf etdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Qlobal çağırışlarla uzlaşan sənaye parkları və məhəllələri, aqroparklar kimi mütərəqqi mexanizmlər innovativ müəssisələrin yaradılmasına, ixracyönümlü məhsulların istehsalının genişləndirilməsinə, neft-qaz amilindən asılılığın daha da azaldılmasına yeni imkanlar açır.

Hazırda Azərbaycanda 5 sənaye parkı fəaliyyət göstərir. Bunlar Sumqayıt Kimya, Balaxanı, Mingəçevir, Qaradağ və Pirallahı sənaye parklarıdır.

İndiyədək sənaye parklarında 40-dan çox rezident qeydiyyata alınıb. Bu rezidentlərin 24-ü artıq istehsal fəaliyyətinə başlayıb. Bu il daha 12 rezident istehsala başlayacaqdır.

Sənaye parklarının rezidentləri üçün stimullaşdırıcı tədbirlər tətbiq edilir. Belə ki, rezidentlər qeydiyyata alındıqları tarixdən 7 il müddətinə əmlak, torpaq və mənfəət vergilərindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar. Bundan başqa, sənaye parklarında dövlət vəsaitləri hesabına müasir infrastruktur yaradılır, sahibkarların vəsaitlərini investisiya qoyuluşuna yönəltmələri təmin edilir. Bununla yanaşı, qeyri-neft sektoruna özəl investisiyaların cəlb edilməsi məqsədilə 2016-cı ildən investisiya təşviqi mexanizminin tətbiqinə başlanılıb. İndiyədək 328 sahibkarlıq subyektinə 382 investisiya təşviqi sənədi verilib. Azərbaycanın 8 iqtisadi rayonunu əhatə edən bu layihələrə 3,3 mlrd. manata yaxın investisiya yatırılması və 24,8 min yeni iş yerinin açılması nəzərdə tutulub. Bunlardan 47,1 mln. manat investisiya dəyəri olan 9 layihə sənaye məhəllələrinin payına düşür.

İndiyədək sənaye parklarına 3,3 mlrd. dollar həcmində investisiya qoyulub. Sənaye parklarında 9 minə yaxın daimi iş yeri yaradılıb. Növbəti mərhələdə 400 mln. dollaradək sərmayə qoyuluşu, 1 600-dən artıq iş yerinin açılması nəzərdə tutulur.

İndiyədək sənaye parklarında 1,39 mlrd. manat dəyərində məhsul istehsal edilib ki, bunun 267 mln. manatlıq hissəsi ixrac olunub.

Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” 2014-cü il 8 oktyabr tarixli Fərmanı ilə müəyyən edilmiş vəzifələrin icrası olaraq, ölkədə sənaye məhəllələrinin yaradılması davamlı prosesə çevrilib. Sənaye məhəllələri istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, kooperasiya əlaqələrinin gücləndirilməsi, kiçik və orta sahibkarlığın inkişafı üçün əlverişli iqtisadi modeldir.

Sənaye məhəllələrində dövlət tərəfindən bütün zəruri infrastruktur yaradılır ki, bu da sənaye məhəllələrinə sahibkar marağını daha da artırır. Hazırda Neftçala və Masallı sənaye məhəllələri uğurla fəaliyyət göstərir, Hacıqabul Sənaye Məhəlləsində işlər yekunlaşıb və sahibkarlar istehsalın qurulmasına başlayıblar, Sabirabad Sənaye Məhəlləsində isə son tamamlama işləri aparılır.

Fəaliyyətdə olan sənaye məhəllələrində indiyədək 33 mln. manatlıq məhsul istehsal edilib.

Qeyd edilən sənaye məhəllələrində qeydiyyatdan keçmiş iştirakçıların sayı 36 olmaqla ümumilikdə, 140 mln. manata yaxın investisiya yatırılması, 2 minədək iş yerinin yaradılması nəzərdə tutulur. Bu müəssisələrin 21-i artıq istehsal fəaliyyətinə başlayıb. Bu il daha 15 müəssisə fəaliyyətə başlayacaq.

Sənaye parklarında və məhəllələrində sahibkarların əsas fəaliyyət sahələrindən biri də mebel istehsalıdır. Belə ki, sənaye parkları və məhəllələrinin 6 rezidenti mebel məhsulları istehsalı ilə məşğul olur. Masallı Sənaye Məhəlləsi əsasən regionun potensialına uyğun olaraq, mebel sənayesi üzrə ixtisaslaşıb. Burada fəaliyyət göstərən 10 rezidentin 5-i mebel və mebel aksesuarları istehsal edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR