Mikayıl Cabbarov: "Özəl sektorun bank sistemində manatla olan hesablarındakı qalıq 20% artıb"

Mikayıl Cabbarov: "Özəl sektorun bank sistemində manatla olan hesablarındakı qalıq 20% artıb"
# 01 avqust 2019 10:07 (UTC +04:00)

Azərbaycanda vergi daxilolmalarında qeyri-neft sektorunun payı 70,1%-ə çatıb. Bu, 2018-ci ildəki 65,8%-lə müqayisədə əhəmiyyətli artımdır. Ümumilikdə, qeyri-neft sektoru üzrə daxilolmanın artım tempi 14,3% təşkil edib. Bu da iqtisadiyyatın müvafiq sektorunun artım tempini üstələyir və illik proqnozun 51,1%-ni artıq icra etmişik.

APA-Economics”in məlumatına görə, bunu iyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirədə çıxış edərkən Azərbaycanın Vergilər naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, qeyri-neft sektorunun özündə isə özəl sektorun payı çox yüksəkdir – 77% özəl sektor tərəfindən təmin edilib: “Vergi islahatları nəticəsində əmək müqavilələrinin sayında əhəmiyyətli artım qeydə alınıb. Toplam 6 ay ərzində 101 min yeni əmək müqaviləsi qeydiyyata alınıbdır. Bu rəqəmin 77 mini özəl qeyri-neft sektorunda qeydə alınıb. Bu da ölkədə həyata keçirilən vergi güzəşti islahatının birbaşa nəticəsidir. Vətəndaşlarımızın sərəncamında yalnız bu vergi güzəştindən qalan məbləğ 6 ay ərzində 150 mln. manat təşkil edib, hansı ki, əvvəlki illərdə vergi qismində ödənilirdi. Bu proses davam edir. Bu günə olan rəqəmlər də onu göstərir ki, iyul ayında da bu proses eyni sürətlə davam edir. Aktiv obyektlərin sayında artım müşahidə edirik – 14% aktiv, əlavə dəyər vergiödəyicilərinin sayında isə 40% artım müşahidə edirik”.

Mikayıl Cabbarov onu da bildirib ki, 2018-ci illə müqayisədə səyyar vergi yoxlamalarının sayı 2,7 dəfə, 2017-ci illə müqayisədə isə 6 dəfə azaldılıb: “Sevindirici hal ondan ibarətdir ki, biz həmişə özəl sektoru, ümumiyyətlə, iqtisadiyyatın, vergi siyasətinin və inzibatçılığın təsirində izləməyə çalışırıq. Özəl sektorun bank sistemində Azərbaycan manatı ilə olan hesablarında qalıq artımını nəzərinizə çatdırmaq istəyirəm. Bir il ərzində 49% artıb, ilin əvvəlindən isə 20%. Bu da, hesab edirik ki, həm biznesin nağdlaşmadan əməliyyatlara keçməsinin, həm də ölkə iqtisadiyyatına olan inamın göstəricisidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR