Sahib Ələkbərov: "Kənd təsərrüfatı sahəsində hesabatlılıq günün tələblərinə cavab vermir"

Sahib Ələkbərov: "Kənd təsərrüfatı sahəsində hesabatlılıq günün tələblərinə cavab vermir"
# 18 iyul 2019 11:37 (UTC +04:00)

Kənd təsərrüfatı sahəsində çalışanlara dövlət tərəfindən subsidiyalar verilir, onlar bir sıra əlavə güzəştlərdən və yardımlardan istifadə edirlər. Lakin təəssüflər olsun ki, bu sahədə hesabatlılıq günün tələblərinə cavab vermir, müxtəlif dövlət orqanlarına və bələdiyyələrə təqdim olunan hesabatlardakı rəqəmlər arasında ciddi uyğunsuzluqlar mövcuddur.

APA-Economics”in məlumatına görə, bunu Vergilər Nazirliyində kənd təsərrüfatı sahəsində uçotun dürüstləşdirilməsi ilə əlaqədar qarşıda duran məsələlərlə bağlı keçirilən seminar-müşavirədə çıxış edən Vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

Onun sözlərinə görə, həmin uyğunsuzluqların aradan qaldırılması üçün digər aidiyyəti dövlət qurumları ilə birlikdə böyük bir layihə hazırlanıb və ilkin olaraq bu işlərə Şamaxı rayonunda başlanılması qərara alınıb.

S. Ələkbərov onu da əlavə edib ki, Vergilər Nazirliyində və Dövlət Gömrük Komitəsində hesabatların alınması tam elektronlaşdırılıb, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, Dövlət Statistika Komitəsində və Əmlak Məsələləri Dövlət Komitəsində bu prosesin davam etdirilir: “Bu istiqamətdə görüləcək işlərin məqsədi kənd təsərrüfatı məhsullarının istehsalçılarının vergiyə cəlb edilməsi yox, real vəziyyəti düzgün əks etdirən uçotun və şəffaflığın təmin edilməsidir. Eyni zamanda bu, kənd təsərrüfatı sahəsində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması və onların pensiya təminatı üçün də çox vacib olan bir məsələdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR