Vergilər Nazirliyi Masallıda zona müşavirəsi keçirib

Vergilər Nazirliyi Masallıda zona müşavirəsi keçirib
# 11 oktyabr 2019 13:58 (UTC +04:00)

Masallıda kənd təsərrüfatında uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılması ilə bağlı zona müşavirəsi keçirilib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, bu gün Masallıda kənd təsərrüfatı sahəsində uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılması işlərinin təşkili məsələlərinə həsr olunmuş zona müşavirəsi keçirilib. Tədbirdə Azərbaycanın cənub bölgəsində yerləşən rayonların icra hakimiyyətlərinin rəhbər vəzifəli şəxsləri, Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin əməkdaşları, Vergilər Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Statistika Komitəsinin, Əmlak Məsələləri Dövlət Komitəsinin yerli qurumlarının, qəsəbə, kənd icra nümayəndəliklərinin və bələdiyyələrin rəhbərləri iştirak ediblər.

Tədbirdə Vergilər nazirinin müavini Sahib Ələkbərov öz çıxışında ölkə iqtisadiyyatının dayanıqlı şəkildə inkişaf etdiyini, cari ilin birinci yarısında ümumi iqtisadi artımın 2,4%, qeyri-neft sektorunda artımın isə 3,2% təşkil etdiyini müşavirə iştirakçılarının diqqətinə çatdırıb. Qeyd edilib ki, kənd təsərrüfatında artım 13%, bitkiçilikdə isə 25% olub. Sosial sahədə 4 milyondan çox insanı əhatə edən inqilabi xarakterli layihə reallaşdırılıb. Minimum əmək haqqı il ərzində 130 manatdan 250 manata, pensiya isə 116 manatdan 200 manata qaldırılıb. Sosial müavinətlərin həcmi də təxminən 2 dəfə artırılıb. Ümumdünya İqtisadi Forumunun 2019-cu il üzrə qlobal rəqabətə davamlılıq reytinqində Azərbaycan 141 ölkə arasında 11 pillə irəliləyərək 58-ci yeri tutub.

Daha sonra nazir müavini kənd təsərrüfatının daha böyük potensiala malik olduğunu, bu potensialdan daha səmərəli şəkildə istifadə olunmasının əhəmiyyətini qeyd edərək bu sahədə uçotun dürüstləşdirilməsini və şəffaflaşdırılmasını zəruri edən səbəblərə, mövcud problemlərin aradan qaldırılması üçün vergi orqanları və aidiyyəti dövlət qurumlarının birgə əməkdaşlığı və digər vacib məsələlərə toxunub. Bildirilib ki, kənd təsərrüfatı sahəsində uçotun və hesabatlılığının səviyyəsi qənaətbəxş hesab oluna bilməz və kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən müxtəlif dövlət orqanlarına və bələdiyyələrə təqdim olunan hesabatlardakı rəqəmlər arasında ciddi uyğunsuzluqlar mövcuddur. Görüləcək işlərin məqsədi kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən şəxslərin vergiyə cəlb edilməsi yox, digər aidiyyəti dövlət qurumları və bələdiyyələrlə birlikdə real vəziyyəti düzgün əks etdirən uçotun qurulmasının təmin edilməsidir. Qeyd olunub ki, kənd təsərrüfatı məhsulları istehsalçıları uçot aparmamaqla və hesabat təqdim etməməklə, 3-cü şəxslərin vergidən yayınmasına şərait yaratmış olurlar ki, bu da yolverilməzdir.

Sahib Ələkbərov bildirib ki, avqust ayından etibarən bütün ölkə üzrə kənd təsərrüfatı məhsulları istehsalçıları və kənd təsərrüfatı təyinatlı torpaqların mülkiyyətçilərinin uçota alınması prosesinə start verilib və ötən müddət ərzində 25 minə yaxın şəxsin vergi uçotuna alınması təmin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR